CƏMİYYƏT
Azərbaycanda ana bətnində olan körpə əməliyyat edilib
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında dölün döş qəfəsinə maye yığıldığı üçün ana bətnində olan körpə əməliyyat edilib.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, uşaq sağlam şəkildə doğulub. Həkimlərin vaxtında müdaxiləsi sayəsində körpənin vəziyyəti hazırda yaxşıdır.
Klinikanın ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov qeyd edib ki, hələ ana yeddiaylıq hamilə ikən həkimlər bu patologiyadan xəbərdar olublar: “Ana yeddiaylıq hamilə olanda müayinə edilib. Müayinələr göstərdi ki, ana bətnində uşağın döş qəfəsinin içinə, ağciyər və ürəyinin ətrafında maye yığılır. Bu da ürək çatışmazlığına gətirib çıxarmışdı. Ürək qanı təzyiqlə bütün damarlara paylaşdırmaqla işləyir. Lakin yığılan maye həmin orqanı sıxdığına görə, qan dövranı pozulmuş, ürəyin ətrafı ilə yanaşı, qarına da maye yığılmışdı. Mayenin miqdarı getdikcə daha da artırdı. Bu isə dəri ödeminin (şişkinliyinin) artmasına səbəb olurdu. Xəstə məhz belə vəziyyətdə bizə üz tutmuşdu”.
Həkimin sözlərinə görə, ana hələ beşaylıq hamilə ikən uşağın döş qəfəsinə maye yığılmağa başlayıb. Xəstə Türkiyəyə üz tutub, orada döş qəfəsinin hər iki tərəfinə stend taxdırıb ki, yığılan maye uşaqlıq boşluğundan çölə çıxsın. Lakin bir müddət sonra stendlərin yolu tutulub.
ATU-nun həkim briqadasının müdaxiləsi nəticəsində körpə heç bir ürək və ağciyər qüsuru olmadan dünyaya göz açıb. Uşaq doğulduqda yalnız ürəyin fəaliyyəti ilə bağlı müəyyən problemlər olub ki, indi həmin problemlər də nizama salınıb.
Hazırda körpə həkimlərin nəzarəti altındadır.