İQTİSADİYYAT
Parisdə keçirilən konfransda Azərbaycanın qaz təchizatçısı kimi imkanlarından bəhs edilib
Paris, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də Parisdə, Milli Sənayenin Təşviqi Cəmiyyətinin binasında Avropa Azərbaycan Cəmiyyəti (TEAS), Beynəlxalq Geostrateji Dənizçilik Observatoriyası (İGMO) və Milli Sənayenin Təşviqi Cəmiyyətinin (SEİN) birgə təşkilatçılığı ilə “Geostrateji Dənizçilik İcmalı: Xəzər dənizi - daha geniş miqyasda geosiyasi və geostrateji paylar” adlı jurnalın təqdimat mərasimi keçirilib.
Mərasim çərçivəsində “Xəzər dənizi - regionda geosiyasi və geostrateji paylar” adlı konfrans təşkil olunub.
Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Gülmira Rzayevanın “Azərbaycan təbii qazının yeni qlobal imkanlarla əlaqəsi” adlı təqdimatı olub. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın etibarlı tərəfdaş olduğunu deyən G.Rzayeva Trans-Adriatik və Trans-Anadolu, eləcə də “Cənub” qaz dəhlizi layihələrinin qitə üçün əhəmiyyətini qeyd edib. O, Avropanın enerji xəritəsindən danışaraq qitədə təbii qaz bazarının perspektivləri, mavi yanacağa artan tələbat, eləcə də təbii qazın nəqlini və xarici bazarlara ixracını təmin etmək məqsədilə çoxşaxəli boru nəqliyyat infrastrukturunun yaradılmasının əhəmiyyəti haqqında danışıb. Həmçinin Xəzər dənizinin enerji resurslarının nəqlində ölkəmizin tranzit potensialı barədə məlumat verib.
Sonra Əfqan Niftiyevin moderatorluğu ilə keçirilən “dəyirmi masa”da Türkiyənin Yaxın Şərq Texniki Universitetinin professoru Oktay Tanrısevər, Bolqarıstanın Enerji Menecmentliyi İnstitutunun prezidenti Slavço Lekoviç, ENGİE-nin Bakı nümayəndəsi Aqata Tomas çıxış ediblər.
Xəzər dənizi regionunun enerji ehtiyatlarından danışan natiqlər bu regionun geosiyasi və geostrateji əhəmiyyətinə toxunub, təbii qaz təchizatı mənbələrinin və marşrutlarının şaxələndirilməsinin vacibliyini vurğulayıb, öz dövlətlərinin mövqelərini şərh ediblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris