REGİONLAR
Ağdaşda ötən illə müqayisədə 500 ton çox çəltik yığılıb
Ağdaş, 23 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Ağdaş rayonunda çəltik yığımı başa çatıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bu il Ağdaşın 14 kəndində 83 fermer ümumilikdə 680 hektar sahədə çəltik yetişdirib. Rayonun Yenicə, Şordəhnə, Güvəkənd, Binələr, Cardam, Ovculu, Mürsəl, Qumlax, Şıxlı, Aşağı Ləki, Məşəd, Nemətabad, Hapıtlı kəndlərindən yığılan çəltik Ağdaşda fəaliyyət göstərən 8 düyü dəyirmanında emal olunur. Kəndlilər 680 hektar sahədən 2150 ton məhsul toplayıblar. Bu il rayonda çəltik əkini ötən ildən 215 hektar çox olub. Məlumata görə, ötən il Ağdaşda 495 hektar sahədən 1650 ton çəltik yığılıb.
Torpaq mülkiyyətçiləri yüksək keyfiyyəti ilə tanınan Ağdaş düyüsünü satmaqda heç bir problemlə qarşılaşmırlar. Ağdaş düyüsü hələ bazara çıxarılmamış, elə dəyirmandaca kiloqramı bir manatdan satılır. Mütəxəssislərin sözlərinə görə, Ağdaşda kəndlilər çəltikçiliyi inkişaf etdirməklə, şoran torpaqları da saflaşdırdırmağa çalışırlar. Çəltikdən sonra onun yerində taxıl və tərəvəz əkini də aparmaq mümkün olur.
Qeyd edək ki, çəltikçiliklə məşğul olan kəndlilər hər hektara görə dövlətdən ildə 80 manat məbləğində maddi yardım alırlar.