SİYASƏT
Beynəlxalq təşkilatlarla əməkdaşlıq seçki praktikasının təkmilləşməsində mühüm rol oynayır
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkiləri müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkdilli Ölkələrin Parlament Assambleyasının beynəlxalq müşahidə missiyasının üzvləri ilə oktyabrın 30-da Mərkəzi Seçki Komissiyasında (MSK) görüş keçirilib. Bu barədə MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a məlumat verilib.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov görüşdə qeyd edib ki, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq seçki praktikasının təkmilləşməsində hər zaman mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının müxtəlif beynəlxalq təşkilatlar və xarici qurumlar ilə sıx münasibətlərinin ölkədəki seçki sisteminin və proseslərin hazırkı inkişaf səviyyəsinə çatmasındakı rolu inkaredilməzdir.
Beynəlxalq müşahidə missiyasının üzvləri Azərbaycan Respublikasının seçki sistemi və Milli Məclisə keçiriləcək seçkilərlə bağlı görülmüş işlərlə maraqlanıblar. Nümayəndə heyətinin suallarını cavablandıran MSK sədri seçkilərin yüksək səviyyədə hazırlanması, azad, ədalətli və şəffaf keçirilməsi üçün atılmış addımlar və reallaşdırılmış genişmiqyaslı layihələr barədə hərtərəfli məlumat verib.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.