İQTİSADİYYAT
8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Azərsu” Səhmdar Cəmiyyətində tədbir keçirilib
Bakı, 6 mart, AZƏRTAC
8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Azərsu” Səhmdar Cəmiyyətində (ASC) tədbir keçirilib.
“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Teyyub Cabbarov 8 mart – Beynəlxalq Qadınlar Gününün yaranma tarixinə nəzər salaraq bu bayramın dünyanın əksər ölkələrində qeyd olunduğunu vurğulayıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyev qadınların cəmiyyətdə rolunun yüksəldilməsinə diqqət və qayğı ilə yanaşıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanın imzalanması bu qayğının bariz nümunəsidir. Bu ənənələrə sadiq qalan Prezident İlham Əliyev qadınların ictimai-siyasi fəallığının artırılmasına xüsusi önəm verir.
Qeyd olunub ki, bu gün Azərbaycanda qadınlar komitə sədri, nazir müavini, rektor və digər yüksək vəzifələrdə çalışırlar. Millət vəkillərinin 20 faizə yaxınını qadınlar təşkil edir. Azərbaycan qadınının, ailəsinin qarşılaşdığı problemlərin həllində, uşaqların sağlamlığının qorunması, təhsili və tərbiyəsi sahəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın misilsiz xidmətləri var.
Teyyub Cabbarov içməli su təsərrüfatı sektorunda mühüm nailiyyətlərin əldə edilməsində qadınların böyük əməyinin olduğunu da bildirib.
Tədbirin sonunda Səhmdar Cəmiyyətinin xanım əməkdaşlarına bayram hədiyyələri təqdim edilib.