İQTİSADİYYAT
Bakıda İtaliya keyfiyyətinin və dizaynının təqdimatı olub
Bakı, 1 dekabr, Ramiz Quliyev, AZƏRTAC
Dekabrın 1-də Heydər Əliyev Mərkəzində “Italy for Contract - Yüksək dizayn və italyan brendlərinin sirləri” adlı ustad dərsi-seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda ilk dəfə olaraq italyan keyfiyyəti və dizaynını təbliğ edən şirkətləri şəbəkəsinin rəsmi təqdimat mərasimi təşkil olunub.
Tədbirdə İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo bildirib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd memarlıq və dizayn sahəsində böyük təcrübəyə və innovativ texnologiyaya malik italyan şirkətlərinin Azərbaycan memarları ilə öz təcrübələrini bölüşməsinə imkan yaratmaqdır.
Qeyd olunub ki, İtaliya ilə Azərbaycan iqtisadiyyatın bir çox sahələrində, o cümlədən tikinti sektorunda sıx əlaqələrə malikdir. Azərbaycanda nəhəng infrastruktur layihələrinin həyata keçirildiyini vurğulayan diplomat bildirib ki, respublikamız dünyada dizayn və interyer sahəsində öndə gedən İtaliya şirkətləri ilə əməkdaşlıqda maraqlıdır.
Udine Ticarət Palatasının baş katibi xanım Maria Lucia Pilutti təmsil etdiyi regionun özəlliklərindən söz açaraq deyib ki, Udine də Bakı kimi tarixi şəhərdir. İtaliyanın şimal-şərqində yerləşən bu şəhərdə bir çox xarici şirkətlər fəaliyyət göstərərək onun inkişafına layiqli töhfə verirlər.
Bildirilib ki, Azərbaycan da bu regionun tərəfdaşları sırasındadır. Belə ki, Azərbaycanla idxal-ixrac sahəsində bir neçə layihə həyata keçirilib. Buraya əsasən müxtəlif maşın və avadanlıqlar, mebel və ev əşyaları daxildir.
O, həmçinin nəzərə çatdırıb ki, təmsil etdiyi region ölkəmizlə turizm əlaqələri də qurmaqda maraqlıdır və bunun üçün geniş perspektivlər mövcuddur.
Seminarda İtaliyanın "KENİUS", "Frag", "Moroso" və digər şirkətlərin nümayəndələri tədbir iştirakçılarına tikinti və memarlıq sahəsi üzrə ən yaxşı layihələrini təqdim ediblər.