REGİONLAR
90 saylı Ağdaş seçki dairəsində seçkilərin demokratik və şəffaf keçirilməsi üçün lazımi şərait yaradılıb VİDEO
Ağdaş, 7 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Prezident İlham Əliyevin Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında Sərəncamına uyğun olaraq, mayın 7-də 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının inzibati binasında iyunun 18-də keçiriləcək təkrar seçkilərlə əlaqədar dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seminar təşkil olunub. Seminarda dairə seçki komissiyasının üzvləri və 40 məntəqə seçki komissiyasının sədrləri iştirak edib.
AZƏRTAC xəbər verir ki, “Seçki hüquqlarının müdafiəsi” mövzusunda keçirilən seminarda Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov “Vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarında baxılması”, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı “Seçki hüquqları əsas insan hüquq və azadlıqlarının tərkib hissəsi kimi” mövzularında məruzə ediblər.
Treninq-seminarın iştirakçılarına seçkilərlə əlaqədar dairə və məntəqə seçki komissiyalarının vəzifələri və fəalliyyətlərinin qarşılıqlı təşkili, siyasi partiyaların və blokların seçkilərdə iştirakının əsasları, Azərbaycan Respublikasının Konstitusiyası ilə verilən seçki hüquqları, Seçki Məcəlləsi, əsas anlayış və prinsiplər, seçki hüquqlarının məhkəmə müdafiəsi, seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik sistemi və məsuliyyət növləri, seçkilərin hazırlığı və keçirilməsi zamanı yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.
90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının sədri Nurəddin Nəsibov çıxış edərək bildirib ki, rəhbərlik etdiyi DSK-nın nəzdində 40 seçki məntəqəsi fəaliyyət göstərir. Dəqiqləşdirilmiş siyahıya əsasən, seçicilərin sayı 40 min 203 nəfərdir. Seçkilərin demokratik və şəffaf keçirilməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. Ümumilikdə 241 nəfər ilk dəfə səs verən seçici qeydiyyata alınıb. Bundan əlavə seçicilərdən 6 nəfərin yaşı 100-dən yuxarıdır. Hazırda seçki məntəqələrinin səsvermə üçün tam hazır vəziyyətə gətirilməsi istiqamətində lazımi işlər görülür. Seçki məntəqələrinin yerləşdiyi binalarda təmir-bərpa işləri həyata keçirilib, ərazidə səliqə-səhman yaradılıb. Seçki məntəqələri lazımi texniki avadanlıqlarla təchiz edilib, rabitə və elektrik sistemi qaydaya salınıb. Rayonda seçkiqabağı təşviqatın aparılması üçün yerlər ayrılıb, seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün lövhələr quraşdırılıb.
Sonda seminar iştirakçılarına "Seçki günü üçün yaddaş” kitabçası paylanılıb.