MƏDƏNİYYƏT
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Parisdə tədbir keçirilib
Paris, 24 dekabr, AZƏRTAC
Ölkəmizin Fransadakı səfirliyi və UNESCO yanındakı daimi nümayəndəliyimizin təşkilatçılığı ilə Parisdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.
UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri Anar Kərimov qeyd olunan bayramın mahiyyəti və əhəmiyyəti barədə məlumat verib. O deyib ki, hər bir xalqın milli varlığının əsas şərtlərindən biri onun həmrəyliyi, etnik-siyasi mütəşəkkilliyidir. Hər bir xalqın uğur və inkişafı onun bütövlüyündən, çətinliklər, böhranlar qarşısında səfərbər olub birləşməsindən asılıdır.
Vurğulanıb ki, bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycanı öz Vətəni bilməsi, onu milli ruhun, milli mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi ulu öndər Heydər Əliyev dühasının bəhrəsidir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın qarşısında duran əsas vəzifələrdən biri də yaşadığı ölkədə azərbaycançılığı ehtiva edən milli dəyərləri qorumaq, tanıtmaq, yaşatmaq, inkişaf etdirməkdir.
A.Kərimov Azərbaycanda Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində dövlətçiliyin möhkəmləndirilməsinə və sabitliyin qorunub saxlanmasına nail olunduğunu bildirib. O, Azərbaycan həqiqətlərinin Fransa ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rolunu xüsusi qeyd edib.
Diqqətə çatdırılıb ki, Fransadakı Azərbaycan icmasının nümayəndələri tərəfindən də tariximiz, mədəniyyətimiz, Ermənistanın ölkəmizə qarşı yürütdüyü təcavüzkar siyasət haqqında məlumatlar vaxtaşırı yerli sakinlərə çatdırılır.
Azərbaycanın Fransadakı səfirliyinin siyasi işlər üzrə müşaviri Nigar Hüseynova da tədbirdə çıxış edərək xalqımıza qarşıdan gələn 2016-cı ildə uğurlar diləyib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris