İQTİSADİYYAT
İtaliya-Azərbaycan Ticarət Palatası yaradılıb
Roma, 19 yanvar, AZƏRTAC
Daha öncə İtaliya-Azərbaycan Ticarət İnstitutu (ITAZERCOM) adı ilə fəaliyyət göstərən qurum İtaliya-Azərbaycan Ticarət Palatası
statusu əldə edərək İtaliyanın İqtisadi İnkişaf Nazirliyi tərəfindən qeydiyyatdan keçirilib və bu ölkənin xaricdə və xarici dövlətlərin İtaliyada ticarət palataları reyestrinə salınıb. İtaliyanın AGİ agentliyi və “Askanews” xəbər saytı müvafiq məsələ ilə bağlı Azərbaycanın bu ölkədəki səfirliyinin bəyanatını yayıb.
Bəyanatda deyilir: “2012-ci ildə qurum təsis olunduğu vaxtdan etibarən Azərbaycan ilə İtaliya arasında xüsusilə iqtisadi əlaqələrin güclənməsinə töhfə verib. Manuela Traldinin rəhbərlik etdiyi palata ilə Azərbaycanın İtaliyadakı səfirliyi arasında əməkdaşlıq hər zaman yüksək səviyyədə olub. İtaliya dünya ölkələri arasında Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Azərbaycan İtaliya üçün önəmli neft təchizatçılarından biridir. İtaliyanın bir çox şirkətləri Azərbaycanda qeyri-neft sektoruna maraq göstərirlər. İndiyədək İtaliya şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına 490 milyon ABŞ dollarından çox həcmdə sərmayə yatırılıb”.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma