QAN YADDAŞI
20 Yanvar müstəqillik uğrunda mübarizə tariximizin şərəfli salnaməsidir
Paris, 20 yanvar, AZƏRTAC
Yanvarın 20-də Parisdə ölkəmizin müstəqilliyi naminə həyatlarını qurban vermiş şəhidlərimizin ölməz xatirəsi yad edilib.
Anım mərasimində səfirliyin və ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin əməkdaşları, Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
Azərbaycanın ilk parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun Paris yaxınlığında yerləşən Sən-Klu qəbiristanlığındakı məzarı önündə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov 20 Yanvarın Azərbaycan xalqı üçün qanlı faciə olmaqla bərabər, müstəqillik uğrunda mübarizə tarixinin şərəfli salnaməsi olduğunu söyləyib. O, hər il qeyd olunan hüzn gününün xalqımızın yaddaşında əbədi iz qoyduğunu vurğulayıb.
Diplomat qanlı hadisələrdən sonra Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyini və qoruyub saxladığını bildirərək deyib: “Faciəli hadisələr onu göstərdi ki, Azərbaycan xalqının müstəqilliyə, azadlığa olan istəyi əbədidir. O zaman SSRİ rəhbərliyinin xalqımızın azadlıq iradəsini qırmaq istəyi baş tutmadı. Azərbaycan xalqı bir daha sübut etdi ki, bu gün yaşadığı müstəqillik ona hədiyyə kimi verilməyib, saysız-hesabsız qurbanlar bahasına əldə edilib”.
Qanlı Yanvar gecəsi sovet ordusu tərəfindən amansızlıqla qətlə yetirilən şəhidlərin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını deyən səfir qeyd edib ki, hadisələrdən ötən 26 il ərzində Azərbaycan müstəqil bir dövlət kimi böyük inkişaf yolu keçib və buna görə də şəhidlərin ruhları şaddır.
E.Əmirbəyov ümummilli lider Heydər Əliyevin həmin hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rolunu xüsusi qeyd edərək bildirib ki, o vaxt Moskvada yaşayan Heydər Əliyev Azərbaycanın diplomatik nümayəndəliyinə gələrək baş verənlərə kəskin etiraz səsini ucaldıb və bu qanlı hadisələri qətiyyətlə pisləyib. Ulu Öndər yenidən hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə hüquqi və siyasi qiymət verilib.
Mərasim iştirakçıları Ə.Topçubaşovun və müstəqil Azərbaycanın ilk mətbu orqanı olan “Azərbaycan“ qəzetinin redaktoru Ceyhun Hacıbəylinin məzarları önünə əklil qoyublar.
Səfirlikdə şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil olunub.
Şəhla Ağalarova
AZƏRTAC-ən xüsusi müxbiri
Paris