REGİONLAR


Azərbaycan xalqı öz torpaqlarının itirilməsi ilə heç vaxt barışmayacaq

Beyləqan, 4 fevral, AZƏRTAC

Xəbər verildiyi kimi, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 4-də qoşunların təmas xəttində növbəti monitorinq keçirilib.

Xocavənd Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqdən əvvəl ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Saymon Tiller və yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi, polkovnik Tuncay Sevim xocavəndli məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Beyləqan rayonu ərazisində salınmış Xocavənd qəsəbəsində olublar.

Rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları, erməni silahlıları tərəfindən törədilən qanlı cinayətlər barədə qonaqlara geniş məlumat verib. Vurğulayıb ki, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalı, işğal olunmuş Azərbaycan torpaqları tezliklə azad edilməli və öz vətənində məcburi köçkünə çevrilmiş bir milyon insanın pozulmuş hüquqları bərpa olunmalıdır. Regiona daimi sülhün yaranması üçün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar ədalətli mövqe tutaraq, işğalçıya öz yerini göstərməlidir.

“Bizim tarixi torpaqlarımız işğal olunub, dünya isə susur, aparıcı dövlətlər buna göz yumur. Ermənilər isə günü-gündən daha da həyasızlaşır. Dünyanın güclü dövlətləri ATƏT üzvüdür, onların nümayəndələri gəlib-gedir, lakin heç bir nəticə yoxdur. Deyirlər ki, məsələ danışıqlar yolu ilə həll olunmalıdır. Danışıqlar uzanır, mənim torpağım isə hələ də erməni işğalı altındadır”, – deyə E.Hüseynov təəssüflə qeyd edib.

Diqqətə çatdırılıb ki, Azərbaycan xalqı öz torpaqlarının itirilməsi ilə heç vaxt barışmayacaq və hansı yolla olursa-olsun, ərazi bütövlüyünü təmin edəcək.

Görüşdə, həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttində mütəmadi olaraq, atəşkəsin pozulmasından da danışılıb. Bildirilib ki, Ermənistan ordusu tərəfindən hərbçilərlə yanaşı, təmas xəttinə yaxın ərazilərdə yaşayan, burada təsərrüfat işləri ilə məşğul olan mülki şəxslər, onlara məxsus avtomobillər, mal-qara da hədəf seçilir. Təmas xətinə yaxın ərazilərdə yerləşən taxıl sahələrinin məqsədli şəkildə atəşə tutulması nəticəsində baş verən yanğınlar insanlara və ərazinin ekosisteminə ciddi ziyan vurur. 2015-ci ildə təmas xəttinə yaxın ərazidə 1600 hektar taxıl sahəsi ermənilər tərəfindən yandırılıb ki, bu da 5000 ton taxıl deməkdir. Bu il isə ermənilərin həmin əraziləri atəş altında saxlaması səbəbindən 1000 hektara yaxın torpaq sahəsi əkilməmiş qalıb.

Səmimi qəbul və ətraflı məlumat üçün rayon icra hakimiyyəti başçısına təşəkkür edən monitorinq qrupunun üzvləri münaqişənin sülh yolu ilə həll olunması üçün səylərin davam etdiriləcəyini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.