REGİONLAR


Qaradağlı faciəsinin 24-cü ildönümü qeyd edilib

Beyləqan, 17 fevral, AZƏRTAC

Ermənistan silahlı qüvvələri tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndinin işğal edilməsindən və dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı cinayətindən 24 il keçir.

AZƏRTAC xəbər verir ki, Qaradağlı faciəsinin ildönümü münasibətilə Beyləqan rayonu ərazisində məskunlaşan xocavəndli məcburi köçkünlər “Yeni Qaradağlı” qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Qaradağlı kəndinin sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərin ailə üzvləri, keçmiş döyüşçülər abidə kompleksi önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.

Xocavənd qəsəbəsindəki mədəniyyət evində keçirilən tədbirdə çıxış edənlər Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən, Qaradağlı kəndində törədilən faciədən danışıblar. Bildirilib ki, Qaradağlı sakinləri ermənilərə qarşı inadlı müqavimət göstərib, doğma torpağın hər qarışı uğrunda qanlar tökülüb, şəhidlər verilib. Qeyri-bərabər döyüşlərdə kəndin uşaqlı-qadınlı, cavanlı-qocalı bütün sakinləri qəhrəmanlıqla iştirak edib.

Diqqətə çatdırılıb ki, 1992-ci il fevralın 17-də bu qədim Azərbaycan kəndinin sakinlərindən 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Ermənilər öldürülənləri və yaralıları təsərrüfat quyusuna tökərək, üzərini torpaqlayıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfər öldürülüb, 50 nəfər böyük çətinliklərlə əsirlikdən azad edilib. Azad edilənlərdən 5-i qadın olmaqla, 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib.

Qeyd olunub ki, əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsidir. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və digər sosial obyektlər dağıdılıb.

Doğma torpaqlarına qayıtmaq ümidi ilə yaşadıqlarını deyən məcburi köçkünlər Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı mövqeyini dəstəklədiklərini, eyni zamanda, Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı hər an silaha sarılmağa hazır olduqlarını bildiriblər.

Sonra Qaradağlı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş “Ana fəryadı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.