QAN YADDAŞI
Avrasiya Universitetində Xocalı faciəsinə həsr olunan konfrans keçirilib
Bakı, 26 fevral, AZƏRTAC
Bakı Avrasiya Universitetində (BAU) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə “Xocalı - qan yaddaşımız” adlı respublika elmi-praktik konfransı keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunan konfransın təşkili Xocalı soyqırımının hüquqi, siyasi və ictimai yönlərinin beynəlxalq, regional və milli hüquqi sənədlər çərçivəsində dəyərləndirilməsi ilə bağlı yetişməkdə olan gənc nəslin maarifləndirilməsi məqsədini daşıyıb.
Tədbirdə universitetin prorektoru, professor Gülzar İbrahimova Xocalı soyqırımının dünyada tanınması istiqamətində imzalanmış mühüm dövlət sənədlərini xatırladıb və bu işdə gənclərin üzərinə düşən vacib məqamları diqqətə çatdırıb.
Konfransda çıxış edənlər XX əsrin əvvəllərindən xalqımıza qarşı bu cür soyqırımlarının dəfələrlə törədildiyi, Xocalı faciəsinin bu proseslərin tərkib hissəsi olduğunu bildiriblər. Natiqlər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlərin əhəmiyyətini qeyd edib, artıq Xocalı soyqırımının bir çox ölkələrdə tanındığını və bu istiqamətdə səyləri gücləndirməyin vacibliyini vurğulayıblar.