QAN YADDAŞI


Soyqırımı qurbanlarının xatirəsi Qarabağ bölgəsində ehtiramla yad edilib

Beyləqan, 31 mart, AZƏRTAC

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü respublikamızın hər yerində olduğu kimi, Qarabağ bölgəsində də müxtəlif tədbirlərlə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, bölgəni əhatə edən rayonlarda sərgilər, anım mərasimləri keçirilib, soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb.

Tərtər rayon rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, gənclər və ağsaqqallar, hərbçilər “Şəhidlər” abidəsi önünə gül dəstələri düzərək soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib, məktəblilərin faciəyə həsr etdikləri rəsm sərgisinə baxıblar.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ermənilər tərəfindən Azərbaycan xalqına qarşı yüz illər boyu həyata keçirilən soyqırımı və deportasiya siyasətinin mahiyyəti, tarixi kökləri barədə danışıb. Bildirib ki, “yazıq millət” pərdəsi arxasında tarixi torpaqlarımızda “böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilər çirkin niyyətlərinin həyata keçməsi üçün ən qanlı hadisələrə, terrora, qırğınlara imza atıblar. Mərhələ-mərhələ həyata keçirilən bu siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi şəkildə qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılaraq viran edilib. 1905-1907, 1918-1920, 1948-1952 və 1988-1994-cü illərdə xalqımıza qarşı soyqırımı siyasəti aparılaraq kütləvi qətliamlar, görünməmiş vəhşiliklər törədilib.

Erməni quldur dəstələri 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən çox azərbaycanlını qətlə yetirib, yüz minlərlə insanı torpaqlarından didərgin salıblar.

Ermənilərin azərbaycanlılara qarşı bu məkrli siyasəti sovet hakimiyyəti illərində də davam etdirilib, Zəngəzur və digər ərazilər heç bir əsas olmadan Ermənistana verilib, 1948-52-ci illərdə Azərbaycan türkləri öz dədə-baba torpaqlarından deportasiya ediliblər. Ötən əsrin axırlarında, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağda həyata keçirilən növbəti soyqırımı və işğal nəticəsində minlərlə azərbaycanlı qətlə yetirilib, bir milyondan artıq soydaşımız öz dədə-baba torpağından didərgin düşüb, ərazimizin daha 20 faizi işğal edilib.

Tədbirdə Qarabağ müharibəsi veteranı Pənah Məmmədov, şəhər 5 nömrəli tam orta məktəbin tarix müəllimi Nigar Vəliyeva və başqaları çıxış edərək, ermənilər tərəfindən törədilən vəhşiliklərdən söz açıb, bu faciələrin heç vaxt unudulmayacağını bildiriblər.

X X X

Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Ağcabədi şəhərindəki Şəhidlər xiyabanında ümumrayon anım mərasimi keçirilib. Rayon ictimaiyyətinin nümayəndələri, əmək kollektivləri, gənclər, Qarabağ müharibəsi veteranları Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının məzarları üstünə tər çiçəklər düzüb, soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Rayon icra hakimiyyəti başçısının müavini Naibə Mustafayeva çıxış edərək, XX əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi proseslərdən, Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin acı nəticələrindən danışıb. Bildirilib ki, əsrlər boyu Azərbaycanın qədim torpaqlarında “böyük Ermənistan” dövləti yaratmaq xülyasında olan erməni millətçiləri bu ideyanı həyata keçirmək üçün ən iyrənc üsullara əl atıb, bəşəriyyət tarixində bənzəri olmayan vəhşiliklər törədiblər. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyalar həyata keçirən erməni daşnakları 1918-ci ilin martında və aprelin əvvəlində Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Naxçıvan, İrəvan və digər bölgələrdə kütləvi qırğınlar həyata keçirib, on minlərlə soydaşımızı qətlə yetiriblər.

Tədbir Ağcabədi Pedaqoji Kollecinin iclas zalında davam etdirilib.

X X X

Soyqırımı qurbanlarının xatirəsi Beyləqanda da silsilə tədbirlərlə anılıb. Beyləqan şəhərindəki “Azərbaycanlıların soyqırımı” abidə-kompleksi önündə keçirilən ümumrayon anım mərasimində çıxış edənlər 1918-ci il martın sonu – aprelin əvvəllərində törədilən kütləvi qırğınlardan bəhs edib, mart hadisələri zamanı baş verənləri bəşəri cinayət adlandırıblar.

Bildirilib ki, ermənilərin törətdikləri bu vəhşiliyin dünya ictimaiyyətinə çatdırılması üçün bütün vasitələrdən istifadə edilməli, xüsusən gənclər bu işdə fəallıq göstərməlidirlər.

Sonra tədbir iştirakçıları abidə önünə gül dəstələri qoyaraq, soyqırımı qurbanlarının xatirəsini yad ediblər.

X X X

Beyləqan rayonu ərazisində məskunlaşan xocavəndli məcburi köçkünlər də 1918-ci ilin martında törədilən soyqırımı qurbanlarının xatirəsini anıblar. 

Salakətin kənd tam orta məktəbində keçirilən tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva çıxış edərək, 1918-ci il martın 30-dan aprelin 3-dək erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən bəhs edib, bu hadisələri xalqımızın qan yaddaşına həkk olunmuş ən dəhşətli faciələrdən olduğunu diqqətə çatdırıb.

Çıxışlarda ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu qanlı cinayətə əsl hüquqi və siyasi qiymətin verildiyi bildirilib, mənfur düşmənlərimizin məkrli niyyətləri barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında dövlətimizin başçısının fəaliyyəti yüksək qiymətləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.