SİYASƏT
Düsen Kaseinov: AZƏRTAC TÜRKSOY-un tədbirlərinin işıqlandırılmasına böyük diqqət ayırır VİDEO
AZƏRTAC Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA) təsisçilərindən biridir və 2008-ci ildən bu təşkilata sədrlik edir
Bakı, 29 aprel, AZƏRTAC
Medianın türk mədəniyyətlərini təbliğ etməsinə böyük ehtiyac var, AZƏRTAC TÜRKSOY-un tədbirlərinin işıqlandırılmasına böyük diqqət ayırır.
Bu fikirləri AZƏRTAC-da keçirilən görüşdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib.
Baş direktor Aslan Aslanov AZƏRTAC-ın türkdilli agentliklərlə əlaqələrin inkişafına böyük önəm verdiyini, onların bir çoxu ilə informasiya mübadiləsi apardığını qeyd edib. Bildirilib ki, 1992-ci ildə yaradılan Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA) təsisçilərindən biri olan AZƏRTAC 2008-ci ildən bu təşkilata sədrlik edir, özündə 10 agentliyi birləşdirən TKA-nın rəsmi saytının (www.tkaonline.org) idarəçiliyini həyata keçirir. Bu saytda agentliklər öz doğma dilləri ilə yanaşı, ingilis və rus dillərində də məlumatlar yerləşdirirlər.
Görüşdə TÜRKSOY kimi digər beynəlxalq türkdilli təşkilatlar tərəfindən TKA-nın fəaliyyətinin dəstəklənməsinə ehtiyac duyulduğu vurğulanıb.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov təşkilatın türkdilli xalqların mədəniyyətinin təbliğinə dair müxtəlif tədbirlər keçirdiyini və onların media tərəfindən geniş işıqlandırılmasının ortaq mədəniyyətin təbliğinə töhfə olduğunu qeyd edib. O, AZƏRTAC-ın bu təşkilatın keçirdiyi mədəni tədbirlərə böyük diqqət ayırdığını bildirib. D.Kaseinov Şəkinin “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi ilə əlaqədar aprelin 28-də keçirilən açılış mərasiminin yüksək səviyyədə təşkil edildiyini, burada bir çox türk xalqlarının təmsil olunduğunu bildirib. O, türkdilli agentliklər arasında əlaqələrin daha da möhkəmlənməsinin mədəniyyətlərin təbliğinə qarşılıqlı şəkildə xidmət edəcəyini vurğulayıb.
Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbərinin müavini Cavanşir Cəfərov iştirak edib.