“Heydər Əliyev və Sumqayıt” fotoalbomunun təqdimatı olub
Sumqayıt, 11 may, AZƏRTAC
Sumqayıtdakı “Reduco” Tədris Mərkəzində “Ümummilli lider Heydər Əliyev irsi və gənclik” layihəsi çərçivəsində çap olunan “Heydər Əliyev və Sumqayıt” albomunun təqdimatı keçirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Gənc İstedadlara Dəstək Fondu tərəfindən reallaşıb.
Gənc İstedadlara Dəstək Fondunun təsisçisi, əməkdar bədən tərbiyəsi və idman xadimi, Sumqayıt şəhər bələdiyyəsinin sədr müavini Musa Həsənov tədbirdə çıxış edərək dahi lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu olduğunu, Ulu Öndərin ölkəmizi 1990-cı illərdə üzləşdiyi böhrandan çıxararaq onun inkişaf strategiyasını müəyyən etdiyini, bu strategiyanı uğurla icra etməyə başladığını qeyd edib. Bildirilib ki, Ulu Öndərin siyasi məktəbinin yetirməsi və davamçısı olan Prezident İlham Əliyev tərəfindən bu gün də bu kurs şaxələndirilərək uğurla tətbiq edilir.
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Ceyhun Hüseynov Ulu Öndərin gənclərə göstərdiyi qayğıdan, layihə rəhbəri, “168 saat” qəzetinin baş redaktoru Vüsal Məmmədov isə layihə çərçivəsində keçirilən tədbirlərdən danışıb, çap olunmuş albom barədə məlumat verib.
Qeyd edək ki, albomda ulu öndər Heydər Əliyevin Sumqayıta etdiyi səfərlər fotolar və onların anatasiya xarakterli şərhi ilə təqdim edilir.