REGİONLAR


Xocavəndli məcburi köçkünlər şəhidlərin xatirəsini yad ediblər

Beyləqan, 12 may, AZƏRTAC

Xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində aprelin əvvəllərində cəbhə bölgəsində erməni silahlı birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olan Vətən övladlarının 40 mərasimi ilə bağlı “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov tədbirdə çıxış edərək, aprel ayında cəbhədə baş verən hadisələrdən, erməni silahlı birləşmələrinin cəbhəboyu mövqelərimizi və yaşayış məntəqələrini atəşə tutulmasından, düşmənə verilən layiqli cavabdan danışıb. Bildirib ki, Azərbaycan Ordusunun qısa müddətdə həyata keçirdiyi əks-həmlə zamanı erməni hərbi birləşmələrinin cəbhənin bəzi istiqamətlərində uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik düşməndən azad olunub. Döyüşlərdə ermənilərə məxsus xeyli hərbi texnika və canlı qüvvə məhv edilib.

Eyvaz Hüseynov ermənilərin təxribat xarakterli hücumları nəticəsində şəhid olmuş hərbi qulluqçularımıza Allahdan rəhmət, ailələrinə səbir diləyib, şəhidlərimizin qisasının alınacağı günün uzaqda olmadığını vurğulayıb.

Cəbhənin Tərtər istiqamətində gedən döyüşlər zamanı yaralanmış Xocavənd rayon sakini Atəm Həsənov çıxış edərək Vətənin müdafiəsində sonadək dayanacağını bildirib.

Mərasimdə çıxış edən xocavəndli məcburi köçkünlər Ali Baş Komandanın əmri ilə Vətənin azadlığı uğrunda mübarizəyə atılmağa hazır olduqlarını bildirib, beynəlxalq ictimaiyyəti Azərbaycan xalqına qarşı ədalətsizliklərə göz yummamağa çağırıblar.

Tədbir məktəblilərin və bağça uşaqlarının hazırladıqları kompozisiyalarla davam edib.

Sonda erməni təxribatının qarşısını alan zaman yaralanmış Atəm Həsənova rayon icra hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyə təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.