SİYASƏT
Yaponiyanın internet televiziyasında yayımlanan verilişdə Qarabağ həqiqətlərindən danışılıb VİDEO
Tokio, 18 may, AZƏRTAC
Yaponiyanın “World Investors TV” internet televiziyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və cəbhə xəttindəki son vəziyyət barədə xüsusi veriliş yayımlanıb. Verilişin qonaqları - Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, elektronika sahəsində görkəmli alim Xəlil Kələntər və Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının fəxri prezidenti, doktorant Əlibəy Məmmədov tamaşaçılara münaqişə, onun yaranma səbəbləri və cəbhə xəttindəki son durum haqqında məlumat veriblər.
Qeyd edilib ki, problem Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ilə əlaqədar Ermənistanın ölkəmizə qarşı ərazi iddiası nəticəsində yaranıb. Dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan ərazisi kimi qəbul olunmasına baxmayaraq, Ermənistanın hərbi qüvvələri bu torpaqları hələ də nəzarətdə saxlayır. Yaponiya hökuməti də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Bildirilib ki, əzəli Azərbaycan torpaqları olan həmin ərazilərdə və Ermənistan tərəfindən işğal edilmiş yeddi rayonda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistan hakimiyyətinin işğalçı siyasəti nəticəsində həmin rayonlardan olan azərbaycanlılar ölkə daxilində məcburi köçkünə çevrilib, öz ata-baba yurdlarından didərgin salınıblar.
Verilişdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti kəskin şəkildə pislənilib, bu işdə ona yardımçı olan xarici dövlətlər tənqid edilib. Qeyd olunub ki, bu ərazilərdə tarixən yaşamayan ermənilər sonradan Çar Rusiyasının məkrli siyasəti nəticəsində tarixi Azərbaycan torpaqlarına köçürülüblər. Ermənilərə dövlət yaratmaq ehtiyacı yarananda isə sovet hökuməti tarixi Azərbaycan torpaqlarını Ermənistana pay verməklə Azərbaycan ərazilərinin bölünməsi hesabına Ermənistan dövlətini yaradıb, Azərbaycanın qədim xanlıqlarından biri olan İrəvanı, Zəngəzur mahalını ermənilərə hədiyyə edib. Bununla belə, ermənilər öz işğalçılıq siyasətindən əl çəkməyib, Qarabağa da göz dikərək buranın hüquqi sahibləri olan azərbaycanlılara qarşı dəfələrlə soyqırımı siyasəti həyata keçiriblər.
Diqqətə çatdırılıb ki, ötən əsrin sonlarında sovet hökumətinin dağılması yaxınlaşanda bundan istifadə edən ermənilər bu ərazilərdə yaşayan azərbaycanlılara qarşı qanlı müharibəyə başlayıblar. 1980-ci illərin sonlarında, vahid dövlət olan SSRİ tərkibində daxili münaqişə kimi başlayan Dağlıq Qarabağ məsələsi 1991-ci ildə Azərbaycanın və Ermənistanın müstəqillik əldə etməsi ilə dövlətlərarası müharibəyə çevrilib. Azərbaycandakı siyasi hakimiyyətin sabit olmamasından istifadə edən erməni işğalçı qüvvələri Dağlıq Qarabağı və ətraf yeddi rayonu ələ keçiriblər.
Vurğulanıb ki, Ermənistanın Azərbaycan torpaqlarını qeyri-şərtsiz boşaltmasına dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Bunların hər birində Ermənistanın işğalçı qüvvələrindən Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz tərk etməsi tələb olunsa da, bu tələb bu günədək yerinə yetirilməyib. Ermənistan hakimiyyəti beynəlxalq hüquqa qarşı hörmətsizlik edir. Beynəlxalq səviyyədə Ermənistana qarşı ciddi tədbirlər görülməli və azərbaycanlılar öz doğma dədə-baba torpaqlarına geri qayıtmalıdırlar.
Canlı efir zamanı ermənilər tərəfindən törədilən Xocalı soyqırımından da söhbət açılıb və bu faciə XX əsrin ən böyük cinayətlərindən biri kimi pislənilib.
Dağlıq Qarabağın və işğal olunmuş digər yeddi rayonun xəritəsi, eyni zamanda, hazırda Ermənistanın işğalçı siyasəti nəticəsində ruhlar şəhərinə çevrilmiş Ağdam da daxil olmaqla işğal altında olan ərazilərlə bağlı AZƏRTAC tərəfindən hazırlanan videoçarx tamaşaçıların diqqətinə çatdırılıb.
Aparıcı Kazuyasu İşidanın sualını cavablandıran veriliş iştirakçıları ötən ayın əvvəllərində cəbhə xəttində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində yaranan gərginlik barədə də məlumat veriblər. Bildirilib ki, “4 günlük müharibə” adı ilə tarixə düşən bu hadisələr zamanı Ermənistan işğalçı qüvvələri Azərbaycanın mülki əhalisini hədəfə almaqdan belə çəkinməyiblər. Cavab tədbirləri görmək məcburiyyətində qalan Azərbaycan Silahlı Qüvvələri mülki əhali üçün təhlükə mənbəyinə çevrilmiş bir neçə strateji yüksəkliyi düşməndən azad edib. Bu əməliyyat nəticəsində 22 il davam edən atəşkəsdən sonra psixoloji, hərbi və siyasi üstünlük Azərbaycan tərəfinə keçib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio