REGİONLAR


Xocavəndli məcburi köçkünlər üçün layihə: “Sabaha sağlam ruhla”

Beyləqan, 20 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Koreya Respublikasının Azərbaycandakı səfirliyi və SEBA (Seul-Bakı) Azərbaycan Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xocavənd Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Sabaha sağlam ruhla” layihəsi həyata keçirir. Beyləqan rayonu ərazisində məskunlaşmış xocavəndli məcburi köçkünlərə dəstək məqsədi daşıyan layihəyə şərq təbabəti ilə müalicə, şagirdlər arasında “Sehrli nağıl” rəsm müsabiqəsi və Koreya kinosu günü daxildir.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyu və SEBA-nın nümayəndələri xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Xocavənd qəsəbəsinə gəliblər. Qonaqlar ümummilli lider Heydər Əliyevin qəsəbədəki abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Sonra Xocavənd Rayon İcra Hakimiyyətində görüş keçirilib.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları barədə geniş məlumat verib. Bildirib ki, Xocavənd rayonu 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Qarabağ müharibəsində rayonun 145 sakini şəhid olub, 300 nəfərdən çox insan sağlamlığını itirib. Ermənistan silahlı qüvvələri Qarabağın dağlıq hissəsini, eləcə də ətraf 7 rayonu da işğal edib, Azərbaycanlılara məxsus yaşayış məntəqələri, maddi-tarixi abidələr məhv edilib, dinc əhaliyə qarşı deportasiya və soyqırımı siyasəti həyata keçirilib. Təkcə Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı zamanı dinc sakinlərdən 118 nəfəri əsir götürülüb, 77 nəfər, o cümlədən 8 uşaq, 12 qadın qətlə yetirilib, kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

Hazırda rayon əhalisi ölkənin 36 rayonunda məskunlaşıb. Son illər Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün qəsəbələr salınıb, onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Lakin xocavəndlilərin ən böyük arzusu öz torpaqlarına qayıtmaqdır.

“Dünya ictimaiyyəti münaqişəyə ikili standartlardan yanaşır. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinə, beynəlxalq hüquqa əməl olunmur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Bu insanların hüquqları qorunmur. Biz dünya ictimaiyyətindən ədalət istəyirik”, – deyə E.Hüseynov vurğulayıb.

Səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edən Kim Çanq-gyu məcburi köçkünlərin üzləşdikləri çətinlikləri yaxşı başa düşdüyünü deyib. Ən qısa vaxtda məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını arzulayan səfir bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Koreya xalqı Azərbaycanın yanındadır.

SEBA Assosiasiyasının nəzdində fəaliyyət göstərən Koreya Şərq Təbabəti Klinikasının baş həkimi Zərifə Quliyeva bildirib ki, Assosiasiya mədəniyyət, incəsənət, arxeologiya, səhiyyə kimi humanitar sahələrdə layihələr həyata keçirib. Bu layihələr içərisində ən uğurlularından biri Koreya Şərq Təbabəti Klinikasının yaradılmasıdır.

Koreya səfirliyi, SEBA Assosiasiyası və rayon icra hakimiyyəti qarşılıqlı olaraq bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.

Sonra Xocavənd qəsəbəsindəki mədəniyyət evində Koreya yumorunu və ailə sevgisini əks etdirən “Nizamlı adam” filmi nümayiş olunub. Film xocavəndli tamaşaçıların marağına səbəb olub və onların Koreya cəmiyyəti haqqında təsəvvürlərini genişləndirib.

Qonaqlar xocavəndli uşaqların ifa etdikləri “Sarı gəlin” xalq mahnısını və “Qarabağ şikəstəsi”ni maraqla dinləyiblər.

“Sabaha sağlam ruhla” layihəsi çərçivəsində mayın 21-də Xocavənd qəsəbəsində şərq təbabəti ilə müalicə, məcburi köçkün ailəsi ilə görüş və Salakətin kənd tam orta məktəbində şagirdlər arasında “Sehrli nağıl” rəsm müsabiqəsi keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.