SİYASƏT
Dünya Xəbər Agentliklərinin V Konqresi “İnformasiya agentlikləri üçün yeni çağırışlar” devizi altında keçiriləcək VİDEO
Bakı, 24 may, AZƏRTAC
2016-cı il noyabrın 16-17-də Bakıda təşkil ediləcək Dünya Xəbər Agentliklərinin V Konqresi “İnformasiya agentlikləri üçün yeni çağırışlar” devizi altında keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar Dünya Xəbər Agentlikləri Konqresi Şurasının mayın 23-də Bakıda keçirilən iclasında qəbul edilib. İclasda, həmçinin sessiyalarda müzakirə olunacaq mövzular təsdiqlənib, iştirakçıların siyahılarına baxılıb.
Şura üzvləri BMT-nin və UNESCO-nun rəhbərlərinə Bakı Konqresi ilə bağlı müraciət ünvanlanması barədə qərar qəbul ediblər.
İclasda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının sədri və sədr müavini vəzifələri təsis edilib. Böyük Britaniyanın Press Association agentliyinin icraçı direktoru Klayv Marşal sədr, Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman isə sədr müavini seçiliblər.
Konqresdə dünyanın hər yerindən xəbər agentliklərinin, həmçinin Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA), Avropa Xəbər Agentlikləri Alyansı (EANA), Ərəb Xəbər Agentlikləri Federasiyası (FANA) kimi regional informasiya təşkilatlarının rəhbərlərinin iştirakı gözlənilir.
Konqresdən sonra Bakıda OANA-nın XVI Baş Assambleyası və MDB Milli Xəbər Agentlikləri Rəhbərləri Şurasının iclasları da keçiriləcək.
Qeyd edək ki, Dünya Xəbər Agentlikləri Konqresi ilk dəfə 2004-cü ilin sentyabrında Moskvada keçirilib. II, III və IV konqreslər müvafiq olaraq İspaniya, Argentina və Səudiyyə Ərəbistanında baş tutub. 2013-cü il noyabrın 17-21-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilmiş sonuncu Konqresdə növbəti V Konqresin 2016-cı ilin noyabrında Bakıda təşkil olunması barədə gizli səsvermə yolu ilə qərar qəbul edilib. Bu qərara əsasən AZƏRTAC 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edəcək.