Parisdə “Dağlıq Qarabağda yeni müharibə riski” mövzusunda konfrans keçirilib
Paris, 25 may, AZƏRTAC
Parisdə fəaliyyət göstərən Siyasi Elmlər İnstitutunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilən konfrans keçirilib.
Beynəlxalq Tədris və Tədqiqat Mərkəzinin (CERI) tədqiqatçısı Bayram Balçının təşkilatçılığı ilə keçirilən “Dağlıq Qarabağda yeni müharibə riski” adlı konfransda ATƏT-in Minsk qrupunun Fransadan olan keçmiş həmsədri Jak For “Münaqişənin aktual vəziyyəti, vasitəçilik və inkişaf perspektivləri”, Fransanın Azərbaycandakı sabiq səfiri, INALCO-nın professoru Qabriel Keller “Dörd günlük müharibə: Bakının mühakimələri”, Ali Milli Müdafiə Araşdırmaları İnstitutunun pedaqoji müşaviri Tornike Qordadze “Dağlıq Qarabağ ətrafında təhlükəsizlik vəziyyətinin pisləşməsinin regional riskləri” mövzularında çıxış ediblər.
Jak For Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında danışıb. O, Stalin rejimi dövründə Dağlıq Qarabağa Azərbaycanın tərkibində saxlanılmaqla muxtar vilayət statusu verildiyini və bununla da bugünkü münaqişənin əsasının qoyulduğunu bildirib. Sabiq həmsədr həmin dövrdə Azərbaycanın ərazisi olan Zəngəzurun Ermənistana verildiyini qeyd edib. O, Madrid prinsiplərinə riayət olunmasının, ərazi bütövlüyünə hörmətlə yanaşılmanın, beynəlxalq hüquqa hörmət edilməsinin, gücdən istifadə olunmamasının vacibliyini qeyd edib. J.For qoşunların təmas xəttindəki son hadisələrin Ermənistanın işğal etdiyi torpaqları saxlamağa qadir olmadığını, Azərbaycanın isə təmas xəttində dəyişiklik yaratmağa qadir olduğunu göstərdiyini vurğulayıb.
Sabiq həmsədr Azərbaycan ilə Ermənistan arasındakı fərqlərdən danışaraq Azərbaycanın demoqrafik, iqtisadi üstünlüyünü diqqətə çatdırıb. O, Azərbaycanın hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsindən çox olduğunu bildirib.
Fransanın Azərbaycandakı sabiq səfiri Qabriel Keller XIX əsrin əvvəllərində bağlanmış Türkmənçay müqaviləsinə əsasən ermənilərin İrandan Azərbaycana köçürülməsindən, XX əsrin əvvəllərində Türkiyədən gələn ermənilərin yenidən Azərbaycan ərazilərində yerləşdirilməsi ilə demoqrafik dəyişikliklərin yaradılmasından danışıb. O, 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınları xatırladıb,
1948-1953-cü illərdə azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti və azərbaycanlıların doğma yurdlarından deportasiya edilməsindən söz açıb.
Xocalı soyqırımından, Azərbaycan ərazisinin 20 faizinin işğal altında olmasından, erməni silahlı qüvvələrinin Azərbaycanın zəbt edilmiş ərazilərindən çıxmasına dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsindən danışan diplomat bu qətnamələrin həyata keçirilməsi ilə bağlı Təhlükəsizlik Şurasının hələ də heç bir tədbir görmədiyini qeyd edib. Sabiq səfir Ermənistan ordusunun aprelin 2-də qoşunların təmas xəttində törətdiyi təxribatlar haqqında da ətraflı danışıb.
Tornike Qordadze isə “dondurulmuş münaqişələr” termininin vəziyyətə uyğun gəlmədiyini, bu terminin “yatan münaqişələr” və ya “sönməmiş münaqişələr” terminləri ilə əvəz olunmasını təklif edib.
ATƏT-in Minsk qrupunun fransalı sabiq həmsədri Bernar Fasye əslində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Madrid prinsiplərinin mövcud olduğunu söyləyib və bu prinsiplərə riayət edilməsinin vacibliyini diqqətə çatdırıb.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Ermənistanın qoşunların təmas xəttində törətdiyi son təxribatları xatırladaraq mövcud status-kvonun qəbuledilməz olduğunu bildirib. Qeyd edib ki, münaqişənin həlli üçün ilk növbədə erməni silahlı qüvvələri işğal etdiyi torpaqlardan çıxmalıdır.
O, münaqişənin həllinin beynəlxalq hüququn prinsipləri, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu vurğulayıb. Bildirilib ki, münaqişənin ağır nəticələrinə məruz qalmasına baxmayaraq, Azərbaycan bu problemin sülh yolu ilə həllinə inanır. O, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağda azərbaycanlı və erməni icmalarınin birlikdə yaşamasının mümkünlüyü qeyd edib.
Konfransda iştirak edən ermənilər həmişəki kimi narazılıqlarını aqressiv şəkildə ifadə ediblər.
Tədbirin gedişi bir daha vəziyyətin Azərbaycanın xeyrinə istiqamət götürdüyünü təsdiqləyir. Artıq ermənilərin süni yaratdıqları mifin dağıldığı, onların yalanlarına inanılmadığı, beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırıldığı açıq-aşkar görünür.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris