MƏDƏNİYYƏT
Fransada Azərbaycan mədəniyyətinə və biznes mühitinə həsr olunmuş tədbir keçirilib
Bakı, 29 may, AZƏRTAC
Fransanın Reyms şəhərində Azərbaycan biznesini və mədəniyyətini bir araya gətirən tədbir keçirilib.
Tədbir Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa nümayəndəliyinin, “Jazzus Productions”, “CCI International Champagne-Ardenne” şirkətinin və ölkəmizin Fransadakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində reallaşıb.
TEAS-dan AZƏRTAC-a bildirilib ki, tədbir Reyms şəhərinin və regionun 30-dan çox şirkətinin nümayəndəsinin iştirak etdiyi “dəyirmi masa” ilə başlayıb. Burada mədəni əməkdaşlığın ölkənin daha da dərindən öyrənilməsindəki rolundan və bunun iqtisadiyyata müsbət təsirindən söhbət açılıb.
Avropa Azərbaycan Cəmiyyətinin Fransa nümayəndəliyinin rəhbəri Marie-Laetitia Gourdin bildirib ki, ötən il TEAS “Sunnyside Festival” kimi tanınmış və “Jazzus Productions” tərəfindən təsis edilmiş yeni caz festivalının dəstəkləməsi haqqında razılıq əldə edilib. Bu əməkdaşlığın yaratdığı ruh yüksəkliyi “dəyirmi masa” arxasında biznes və mədəniyyətə dair müzakirələrin aparılmasına səbəb olub.
M.Gourdin qeyd edib ki, özündə Avropa ilə Şərq dəyərlərini birləşdirən Azərbaycan dünyəvi dövlət olaraq, Avropa İttifaqının yaxın tərəfdaşıdır. O, TEAS-ın Fransa və Azərbaycan şəhərləri arasındakı əməkdaşlığa dəstək verməsindən, Kolmar və Mulhouse şəhərlərində keçirilən “Azerbaijan Through the Lens” foto sərgisindən, Azərbaycan milli koloritini tərənnüm edən məhsulların Parisdəki Milad Bazarında sərgilənməsindən bəhs edib.
Məşhur fransız bəstəkar, “Xocalı 613” əsərinin müəllifi Pyer Tilloy 2001-ci ildə Fransanın Azərbaycandakı səfirliyində mədəniyyət müşaviri kimi fəaliyyətindən, ölkəmizə mütəmadi səfər etməsindən və orada gördüklərindən danışıb. Qeyd edib ki, Azərbaycan varlığını dərk etməyin ən optimal yolu olan musiqi azərbaycanlıların daxili aləminin əsas komponentinə çevrilib.
Tədbir iştirakçılarına XX əsrin görkəmli Azərbaycan bəstəkarları haqqında məlumat verən Pyer Tilloy deyib ki, mürəkkəb mövzuların müzakirəsində musiqidən əsas alət kimi istifadə oluna bilər.
Bu fikirlərə “Jazzus Productions” şirkətinin həmtəsisçisi və “Sunnyside Jazz Festival”ın təşkilatçısı Jean Delestrade də şərik çıxıb. O, caz ifaçısı Elçin Şirinov “Trio”sunun nəzərdə tutulan konsert proqramı ilə bağlı qeyd edib ki, TEAS-ın təşkil etdiyi “Saint-Germain-des-Prés Paris” caz festivalında üç azərbaycanlı musiqiçisinin iştirak etməsi və “Sunnyside Jazz Festival”ındakı ikinci çıxış Azərbaycan cazının Avropada populyarlaşdırılması üçün yeni üfüqlər açır. Əvvəl İsfar Sarabskini və Emil Afrasiyabı caz dünyasına tanıtdıran Paris festivalı indi də Elçin Şirinovu diqqət mərkəzinə gətirəcək.
Azərbaycanın Fransadakı səfirliyinin birinci katibi Ayaz Qocayev Heydər Əliyev Fondunun Fransada ölkəmizin təbliği istiqamətində gördüyü işlərdən söhbət açıb. O, Fondun Strasburq Kafedral Kilsəsində 14-cü əsrin yadigarı olan beş vitrajın, Basse-Normandie əyalətində yerləşən bir neçə kənd kilsəsinin bərpasına verdiyi töhfəni və Luvr muzeyində İslam bölməsinin yaradılmasında mühüm rolunu diqqətə çatdırıb.
Fransanın şəhər və əyalətlərinin Azərbaycanla əməkdaşlığının vacibliyinə də toxunan diplomat məlumat verib ki, 2011-ci ildən bu günədək 11 əməkdaşlıq müqaviləsi imzalanıb. Elm sahəsində əməkdaşlıq müqaviləsi isə Gəncə və Reims universitetləri arasında bağlanıb.
Sonra Azərbaycanın qeyri-neft sektorunun imkanlarına həsr olunmuş “dəyirmi masa” keçirilib. Vurğulanıb ki, Azərbaycan hökuməti ölkə iqtisadiyyatını hərtərəfli inkişaf etdirməyə, qeyri-neft sektorundan asılılığını azaltmağa və Fransız şirkətləri ilə əməkdaşlığa çalışır. Yerli istehsalçıların 30-dan çox nümayəndəsinin qatıldığı tədbir Azərbaycanın iqtisadi imkanları, işgüzar mühiti və sərmayə imkanları haqda geniş bilgilər əldə etməyə imkan verib.
Tədbirdə iştirak edən “Partner at Dentons” şirkətinin hüquq məsləhətçisi James Hogan Azərbaycanın hüquq və biznes sistemi barədən məlumatlar verib, Azərbaycanın və Fransanın ratifikasiya etdiyi ikiqat verginin və maliyyə fırıldaqlarının aradan qaldırılmasına yönəlmiş qanunu şərh edib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Fransadakı nümayəndəsi Sərxan Ələkbərov bu ölkənin sahibkarlarını Azərbaycan bazarına, öz növbəsində Azərbaycan sahibkarlarının Fransa bazarına daxil olması üçün ASK-nın gördüyü işlərdən danışıb.
Sonda “CCI International Champagne-Ardenne” şirkətinin direktoru Claude Humbert hazırda Azərbaycanda prioritet olan iqtisadi sahələrdən söz açıb. O, aqrar sektorunun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və bu sahədə əməkdaşlığın mümkünlüyünü qeyd edib.
Tədbir “Sunnyside Jazz Festival” çərçivəsində caz ifaçısı Elçin Şirinovun konserti ilə başa çatıb.