SİYASƏT
Naxçıvan şəhərində 28 May Respublika Günü münasibətilə tədbir keçirilib
Naxçıvan, 30 may, AZƏRTAC
Mayın 28-də Naxçıvan şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü - 28 May Respublika Günü münasibətilə gənclərin yürüşü keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə yürüş iştirakçısı olan bir qrup gənc müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyublar.
Heydər Əliyev adına Hərbi Liseyin kursantlarından, Əlahiddə Ümumqoşun Ordusunun, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Alayının nümunəvi bölmələrinin əsgərlərindən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin gənc fəallarından, Gənc Heydərçilərdən, muxtar respublikanın ali və orta ixtisas məktəblərinin tələbələrindən və idmançılardan ibarət minə yaxın gənc Heydər Əliyev Muzeyinin önündən başlayaraq Xatirə Muzeyinə və geriyə qədər olan yolu Hərbi Orkestrin ifa etdiyi təntənəli marş sədaları altında nizami addımlarla qət ediblər.
Hər bir xalqın ən qiymətli sərvəti onun sahib olduğu dövlət müstəqilliyidir. Azərbaycan xalqı XX əsrdə iki dəfə müstəqillik əldə edib. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Şərqdə ilk dəfə demokratik dövlət quruluşunun əsası qoyulub. Cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın böyük dövlətçilik ənənələrinə malik olduğunu bütün dünyaya nümayiş etdirib.
Azərbaycanda milli müstəqillik ideyasının reallaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin istər ötən əsrin 70-ci illərində Azərbaycanda həyata keçirdiyi tədbirlər, istərsə də ölkəmiz və xalqımız üçün ağır bir dövrdə - 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb siyasi fəaliyyət göstərdiyi zaman qəbul etdiyi tarixi qərarlar həqiqi dövlət müstəqilliyinin bünövrəsini yaradıb. Dahi şəxsiyyətin rəhbərliyi ilə Naxçıvanda müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qəbul olunub, bununla da Naxçıvan Muxtar Respublikası xalqımızın suveren hüquqlarının və dövlət müstəqilliyinin bərpa edilməsi uğrunda gedən mübarizənin mərkəzinə çevrilib. Xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən ali hakimiyyətə qayıdan Ümummilli Lider Azərbaycanı davamlı sosial-iqtisadi inkişaf yoluna çıxarıb, dövlət müstəqilliyimiz əbədi xarakter alıb. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan, eləcə də onun Naxçıvan Muxtar Respublikası özünün inkişaf dövrünü yaşayır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 28 May Respublika Günü münasibətilə keçirilən tədbirdə iştirak edib.
Sonra Heydər Əliyev Muzeyinin önündə gənclər ümummilli liderimiz Heydər Əliyevə, Azərbaycana və üçrəngli bayrağımıza həsr olunmuş şeirləri bədii qiraət ediblər.
Yürüş şəhər sakinləri tərəfindən alqışlarla qarşılanıb.