MƏDƏNİYYƏT
AZƏRTAC-ın fotomüxbirinin işləri nüfuzlu foto qurumlarının medallarına layiq görülüb
Bakı, 24 iyun, AZƏRTAC
Honkonqda 1-ci Beynəlxalq rəqəmsal fotosərgi (1st IUP International Photographic Exhibition 2016) keçirilir. AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov həmin sərgidə nümayiş etdirilən “Coach” və “Before starting” adlı fotoşəkillərə görə Beynəlxalq Fotoqraflar İttifaqının (International Union of Photographers) qızıl medalına və Arizona ştatının (ABŞ) fotoklubunun gümüş medalına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Fotoqraflar İttifaqının, Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının və Amerika Fotoqraflar Assosiasiyasının himayəsi altında altı nominasiyada keçirilən sərgi üçün fotoşəkillər dünyanın 62 ölkəsindən 612 fotoqrafın 12679 işi arasından müsabiqə yolu ilə seçilib.
Münsiflər heyəti tərəfindən “Fotojurnalistika” nominasiyasında IUP-un qızıl medalına layiq görülmüş “Coach” (“Məşqçi”) fotoşəkli 2014-cü il fevral ayında Soçidə keçirilən Qış Olimpiya Oyunlarında şayba ilə xokkey üzrə Kanada və ABŞ-ın qadınlardan ibarət yığma komandalarının final matçında çəkilib.
“Monoxrom fotoqrafiya” nominasiyasında bu beynəlxalq sərginin təşkilatçılarından biri olan Arizona ştatının fotoklubunun gümüş medalına layiq görülmüş “Before starting” “Startdan əvvəl” fotoşəkli 2015-ci ilin iyun ayında Bakıda 1-ci Avropa Oyunlarının açılış mərasimində çəkilib. Qeyd etmək lazımdır ki, keçən il avqust ayında bu fotoşəkil Xorvatiyada keçirilən beynəlxalq fotomüsabiqəsində Rəqəmsal Fotoarxivin (DPA) fəxri lenti ilə qeyd edilib.
Xatırladaq ki, İlqar Cəfərov 2016-cı ildə müxtəlif beynəlxalq sərgilərdə artıq beşinci mükafatını qazanıb.