SİYASƏT
AŞPA-nın sessiyasında erməni deputatın yalanları ifşa olunub
Strasburq, 24 iyun, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının son iş günü italiyalı deputat Andrea Riqoninin hazırladığı “Miqrantlara qarşı zorakılıq” adlı məruzənin təqdimatı ilə başlayıb.
Milli Məclisin deputatı Qənirə Paşayeva məruzənin müzakirəsi zamanı çıxış edərək Azərbaycan və Türkiyə əleyhinə böhtanlar səsləndirən Ermənistan nümayəndə heyətinə sərt cavablar verib: “Məruzədə göstərildiyi kimi, Avropada qaçqınlara qarşı hücumların artması burada olan hər kəsi ciddi şəkildə narahat etməlidir. Fiziki zorla müşayiət olunan hücumlar, əməyin istismarı, insan alveri, cinsi istismar və təcavüzlər, irqçi şüarların və nifrətin alovlandırılması kimi durumlar bizi çox ciddi şəkildə narahat etməlidir. İnsanlığa zidd olan bu kimi hallara qarşı ciddi addımlar atmalıyıq. Avropadaki iqtisadi böhranın səbəbkarları qaçqınlar və məcburi köçkünlər deyil. Bu baxımdan biz qaçqın və məcburi köçkünlərə qarşı getdikcə artan irqi ayrı-seçkiliyə son qoyulması üçün Avropadakı bəzi populist partiyaları və media orqanlarını yekdilliklə qınamalı və bunun qarşısının alınması üçün daha ciddi addımlar atmalıyıq.
Azərbaycan dünyada ən çox qaçqın qəbul edən ölkələrdən biridir. Bilirsiniz ki, 24 il öncə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 1 milyondan çox azərbaycanlı doğma yurdundan qaçqın və məcburi köçkün düşüb. Bu işğal nəticəsində hər səkkiz azərbaycanlıdan biri torpağını, evini, işini itirərək qaçqın, köçkünə çevrilib. İşğalçı Ermənistan bu gün bu qaçqınların və məcburi köçkünlərin öz vətənlərınə dönməsinə imkan vermir. Bundan əlavə, biz, çox ağır durumda olmağımıza baxmayaraq, həmin illərdə Özbəkistanda baş verən hadisələr nəticəsində oradan qaçmaq məcburiyyətində qalmış on minlərlə Ahıska türkünü də ölkəmizdə qəbul etdik. Azərbaycan dövləti və xalqı onlara qucaq açdı. Bu gün də müxtəlif bölgələrdən və ölkələrdən gələrək Azərbaycana sığınmış insanlara diqqət və qayğı ilə yanaşırıq. Suriyada davam edən savaş səbəbindən bu ölkədən qaçan milyonlarla insan qaçqın durumuna düşdü. Ermənistan bu hadisədən belə özünün işğalçılıq siyasəti üçün yararlanmağa çalışır. Ermənistan Suriyadan qaçan erməniləri işğal etdiyi Azərbaycan torpaqlarına köçürür. Hesab edirəm ki, Ermənistanın bu qeyri-qanuni fəaliyyətlərinə miqrasiya komitəsi səssiz qalmamalıdır. Mən buradan sizin qarşınızda Ermənistan heyətindən soruşuram. Siz nə üçün Ermənistanda o qədər yerlər qala-qala Suriyadan gələnlərin bir hissəsini qeyri-qanuni olduğunu bildiyiniz halda işğal etdiyiniz Azərbaycan torpaqlarında yerləşdiririsiniz? Bunu dayandırın. Bilirsiniz ki, bir neçə il öncə ATƏT-in faktaraşdırıcı missiyası Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında araşdırma aparıb. Araşdırma nəticəsində hazırlanan hesabatda Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarına süni məskunlaşma aparmaması, kənardan insanlar gətirib yerləşdirməməsi tələb olunub, bunun beynəlxalq hüquq qaydalarına zidd olduğu qeyd edilib. Amma Ermənistan ATƏT-in bu çağırışlarına baxmayaraq indi də Suriyadan qaçan erməniləri işğal etdiyi Azərbaycan torpaqlarında yerləşdirir. Mən, buradan qaçqınlar komitəsinə çağırış edirəm. Bu məsələyə səssiz qalmayın, Ermənistanı ciddi şəkildə xəbərdar edin və Ermənistanın beynəlxalq hüquqa zidd bu addımlarına qarşı geçikmədən gərəkli tədbirlər görün. Ermənistan nümayəndə heyəti üzvlərinin Azərbaycan və Türkiyə əleyhinə qərəzli çıxışlarını təəssüflə izlədik. Bu, çox pisdir. Amma bundan daha pisi yalandır. Ermənistan nümayəndə heyətinin üzvləri Türkiyə əleyhinə çıxış edərək “1915-ci ildə Osmanlıdan ölkəmizə qaçan ermənilər” ifadəsini işlədirlər. Deyəsən Ermənistan deputatları tarixi unudublar, ya da yanlış məlumatlar vermək istəyirlər. Birincisi, 1915-ci ildə Ermənistan adlı dövlət yox idi, ikincisi, səsləndirdikləri məlumatlar tam yanlışdır. Azərbaycanla bağlı səsləndirilən yalan məlumatlara gəlincə, Ermənistan parlamentariləri bir az öncə deyirlər ki, apreldə Azərbaycan sərhəd boyunca Ermənistana hücum edib və s. Bu, tam yanlış məlumatdır. Assambleyadan, siz deputatlardan xahiş edirəm ki, xəritəni götürün və Ermənistan deputatlarından soruşun sizə döyüş gedən yerləri göstərsinlər. Həmin yerlər Azərbaycan torpaqlarıdır. Erməni deputatlara sual olunur, sizin işğalçı ordunuzun, əsgərlərinizin Azərbaycan torpaqlarında nə işi var? Siz o zaman bütün suallarınıza da, həqiqətlərə də tam aydınlıq gətirə biləcəksiniz və Ermənistan nümayəndə heyətinin Azərbaycan əleyhinə çıxışının yalan olduğunu görəcəksiniz”.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq