İDMAN
Azərbaycan Basketbol Federasiyasına yeni vitse-prezident təyin olunub
Bakı, 24 iyun, AZƏRTAC
Azərbaycan Basketbol Federasiyasına (ABF) yeni vitse-prezident təyin olunub.
ABF-dən AZƏRTAC-a bildiriblər ki, bu barədə qərar Federasiyanın idarə heyətinin növbədənkənar iclasında qəbul edilib. İclasda gələn il Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına hazırlıq və 16 yaşadək idmançıların yetişdirilməsinə diqqətin artırılması məqsədilə Milli Olimpiya Komitəsinin əməkdaşı Həsənağa Rzayev Federasiyanın vitse-prezidenti vəzifəsinə təyin edilib.
Həsənağa Rzayev 1977-ci il avqustun 5-də Bakıda anadan olub. Hələ məktəbli ikən sərbəst güləşlə məşğul olaraq, dəfələrlə paytaxt və respublika çempionu adını qazanıb. 1993-1998-ci illərdə sərbəst güləş üzrə Azərbaycanın yığma komandasının heyətində beynəlxalq turnirlərdə və Avropa çempionatında ölkəmizi təmsil edib. O, 1999-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təkmübarizlik fakültəsini bitirib. İkinci ali təhsilini 2006-2009-cu illərdə Azərbaycan Dövlət İnşaat Universitetinin su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsində alıb. 2004-2009-cu illərində BP şirkətində əmək fəaliyyəti ilə məşğul olub. 2009-cu ilin oktyabrından Milli Olimpiya Komitəsində icra aparatı rəhbərinin köməkçisi vəzifəsində çalışır. Ailəlidir, üç övladı var.