Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 24 iyun tarixli Fərmanı ilə

təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) yanında Dövlət Sosial Müdafiə Fondu (bundan sonra - Fond) məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır.

1.2. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Nazirliyin Əsasnaməsini və qərarlarını, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Fond bu Əsasnamədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Fond müstəqil balansa, istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.5. Fondun saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi, məcburi dövlət sosial sığorta vəsaiti, büdcədənkənar vəsaitlər və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Fond Bakı şəhərində yerləşir.

2. Fondun fəaliyyət istiqamətləri

2.1. Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. əhalinin sosial müdafiəsi sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, həmin siyasətin həyata keçirilməsini təmin edir;

2.1.2. məcburi dövlət sosial sığorta iştirakçılarının uçota alınması və uçotdan çıxarılması, sığorta haqlarının uçotu, hesablanması və toplanması qaydalarının müəyyən edilməsində iştirak edir.

2.1.3. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilməsini təşkil edir, tabeliyində olan sosial xidmət müəssisələrinin fəaliyyətini və inkişafını təmin edir;

2.1.4. əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ilə bağlı müvafiq proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak edir.

3. Fondun vəzifələri

3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Fondun vəzifələri aşağıdakılardır:

3.1.1. Fondun büdcə layihəsini hazırlayıb Nazirliyə təqdim etmək;

3.1.2. Fondun növbəti il üzrə təsdiq olunmuş büdcəsinin gəlir və xərclər göstəricilərinə uyğun olaraq yerli orqanların gəlir və xərclər proqnozunu təsdiq edilməsi üçün Nazirliyə təqdim etmək;

3.1.3. dövlət orqanlarından və büdcə təşkilatlarından, habelə hüquqi şəxslərdən, onların filial və nümayəndəliklərindən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən (sığortaedənlərdən), eləcə də sığortaolunanlardan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta haqlarının toplanmasını təşkil etmək;

3.1.4. dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirmək;

3.1.5. sığortaolunana dövlət sosial sığorta şəhadətnaməsi vermək;

3.1.6. işəgötürən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək;

3.1.7. sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların əldə edilməsi qaydalarını izah etmək;

3.1.8. sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını qəbul etmək;

3.1.9. işəgötürənlərdən və sığortaolunanlardan dövlət sosial sığorta sistemində fərdi uçot qanunvericiliyində müəyyən edilmiş məlumatların vaxtında və dürüst təqdim edilməsini tələb etmək;

3.1.10. məcburi dövlət sosial sığorta vəsaitini idarə etmək;

3.1.11. sığortaedənlərdə məcburi dövlət sosial sığorta haqlarının düzgün hesablanmasına və ödənilməsinə nəzarət etmək;

3.1.12. məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedənlərin hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasının dayandırılmasına, eləcə də yaranmış borc məbləğinin sığortaedənlərin bank təşkilatlarında olan hesabından tutulmasına dair “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tədbir görmək;

3.1.13. ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün bu cür tələblər üzrə Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsi ilə müəyyən edilmiş iddia müddəti ərzində məhkəmələrdə iddia qaldırmaq;

3.1.14. əmək pensiyalarının və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində göstərilən digər sosial sığorta ödəmələrinin maliyyələşdirilməsini və ödənişini təmin etmək;

3.1.15. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən müavinətlərin, təqaüdlərin, kompensasiyaların, ünvanlı sosial yardımların, digər sosial ödəmələrin və sosial xidmət xərclərinin maliyyələşdirilməsi üçün Nazirlik tərəfindən təmin edilən vəsaitlərin aidiyyəti üzrə çatdırılmasını təmin etmək;

3.1.16. məcburi dövlət sosial sığortası, əmək pensiyaları, sosial müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri, kompensasiyaları və digər sosial ödəmələr sahəsində normativ hüquqi aktlarının tələblərinin özünün yerli orqanları tərəfindən yerinə yetirilməsinə və vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirmək;

3.1.17. Fondun büdcəsinin icrası ilə bağlı normativ hüquqi aktlarda müəyyən olunmuş orqanlardan aylıq, rüblük və illik hesabatlar almaq, ümumiləşdirmək və onları aidiyyəti orqanlara təqdim etmək;

3.1.18. mühasibat uçotu və statistik hesabatlar aparmaq;

3.1.19. ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin monitorinqinin keçirilməsini təmin etmək;

3.1.20. əmək pensiyalarını, sosial müavinətləri, təqaüdləri, kompensasiyaları, ünvanlı sosial yardımları və digər sosial ödənişləri bu sahədə normativ hüquqi aktlara uyğun olaraq təyin etmək, əhalinin ayrı-ayrı kateqoriyalarına sosial-məişət xidməti üzrə kompleks tədbirləri aidiyyəti qurumlarla birlikdə həyata keçirmək;

3.1.21. yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası tədbirlərini həyata keçirmək, həmin şəxslərin valideynləri və ya digər qanuni nümayəndələri barəsində aidiyyəti qurumlarla birlikdə fərdi profilaktik işi təşkil etmək;

3.1.22. yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinin, habelə yetkinlik yaşına çatmayanlara və onların ailələrinə sosial xidmət göstərən digər müəssisə və xidmətlərin fəaliyyətinə sosial reabilitasiyanın müasir metodikalarını və texnologiyalarını tətbiq etmək, onların fəaliyyətinə nəzarət etmək, həmin müəssisə və xidmətlər şəbəkəsinin inkişafına dair təkliflərini Nazirliyə təqdim etmək;

3.1.23. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri həyata keçirmək, cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək;

3.1.24. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq insan alveri qurbanlarının sosial reabilitasiyası üzrə tədbirləri həyata keçirmək, onlar üçün yardım mərkəzləri yaratmaq və həmin mərkəzlərin fəaliyyətinə nəzarət etmək;

3.1.25. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çətin həyat şəraitində olan şəxslərə (ailələrə) və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxslərə (ailələrə), habelə Fondun tabeliyindəki sosial xidmət müəssisələrində yaşayan bu kateqoriyadan olan şəxslərə sosial xidmət göstərilməsini təşkil etmək, müvafiq sosial xidmətlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üzrə tədbirlər görmək və bu sahədə nəzarəti həyata keçirmək;

3.1.26. əlillərin mənzil problemlərinin həllinə köməklik göstərilməsi və onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlər görmək;

3.1.27. əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sanatoriya-kurort müalicəsi üzrə kompleks tədbirləri aidiyyəti qurumlarla birlikdə həyata keçirmək;

3.1.28. əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara müvafiq yardımların göstərilməsini, ictimaiyyətin diqqətinin onların problemlərinə cəlb edilməsini, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı onlara texniki yardım göstərilməsini təmin etmək;

3.1.29. əlillər və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı məlumat bazasının təşkili, internet saytının yaradılması, seminar və konfransların təşkil edilməsi, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinə dair təhlillər aparmaqla hesabatların hazırlanması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili, bədən tərbiyəsi və idmana cəlb etməklə onların beynəlxalq yarışlarda iştirakı üçün şəraitin yaradılması, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün ixtisaslaşdırılmış idman sağlamlıq mərkəzlərinin yaradılması və istedadlı əlillərin və sağlamlıq imkanları məhdud uşaqların aşkar edilməsi məqsədi ilə müvafiq tədbirlər görmək;

3.1.30. əhalinin sosial müdafiəsi barədə kütləvi informasiya vasitələrində məlumatlar dərc etdirmək, öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etmək;

3.1.31. vətəndaşların qəbulunu təşkil etmək, ərizə, təklif və şikayətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən olunmuş qaydada və müddətdə baxılmasını təmin etmək;

3.1.32. Fondun yerli orqanlarında işin təşkilinə metodiki və əməli kömək göstərmək, işdəki qabaqcıl təcrübəni öyrənmək və yaymaq;

3.1.33. əhalinin sosial müdafiəsi ilə bağlı digər vəzifələri yerinə yetirmək.

4. Fondun hüquqları

4.1. Fond öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. məcburi dövlət sosial sığorta haqlarının yığılması, habelə qanunda nəzərdə tutulmuş sosial müdafiə məqsədlərinə çəkilən xərclərin maliyyələşdirilməsi qaydaları barədə təlimat, metodiki göstərişlər və digər normativ sənədlər barədə Nazirliyə təkliflər vermək;

4.1.2. sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığortaedənlərdən arayış almaq;

4.1.3. dövlət orqanlarından və büdcə təşkilatlarından, habelə hüquqi şəxslərdən, onların filial və nümayəndəliklərindən, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən, eləcə də sığortaolunanlardan məcburi dövlət sosial sığortasına aid olan məlumatları və sənədləri tələb etmək;

4.1.4. Fondun yerli orqanlarından görülmüş iş barədə hesabat almaq, onların fəaliyyətini təhlil və müzakirə etmək və müvafiq qaydada aidiyyəti üzrə qərar qəbul edilməsi barədə Nazirliyə təkliflər vermək;

4.1.5. dövlət sosial sığorta sistemində fərdi uçotun həyata keçirilməsi ilə əlaqədar izahatlar vermək;

4.1.6. işəgötürənin fərdi uçot barədə təqdim etdikləri məlumatların dürüstlüyünü yoxlamaq;

4.1.7. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq işəgötürənin fərdi uçot qaydalarını pozan təqsirkar vəzifəli şəxslərinə ilk dəfə yazılı xəbərdarlıq etmək, növbəti qanun pozuntuları hallarında isə qanunla müəyyən edilmiş qaydada məsuliyyət tədbirlərini tətbiq etmək;

4.1.8. Fondun büdcəsinin xərcləri hesabına maliyyələşdirilən tədbirlər üzrə aidiyyəti orqanlardan hesabatlar almaq;

4.1.9. aztəminatlı ailələrin, çətin həyat şəraitində olan şəxslərin (ailələrin) sosial müdafiəsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini Nazirliyə təqdim etmək;

4.1.10. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.11. tabeliyində idarə və təşkilatların yaradılması, ləğvi və yenidən təşkili barədə Nazirliyə təkliflər vermək;

4.1.12. əhalinin sosial təminatına dair yerli və beynəlxalq tədbirlərdə Nazirliyi təmsil etmək, bu sahədə beynəlxalq təcrübəni öyrənmək və xarici və yerli ekspertləri, məsləhətçiləri öz fəaliyyətinə cəlb etmək;

4.1.13. nəşr, reklam-informasiya fəaliyyətini həyata keçirmək;

4.1.14. əhalinin sosial müdafiəsi sahəsində digər hüquqları həyata keçirmək.

5. Fondun fəaliyyətinin təşkili

5.1. Fondun aparatı, şəhər, rayon şöbələri (bundan sonra - yerli orqanlar), Fondun fəaliyyətini təmin edən digər qurumlar Fondun vahid sistemini təşkil edir.

5.2. Fonda Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən Fondun direktoru rəhbərlik edir.

5.3. Fondun direktoru Fonda həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və funksiyaların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.4. Fondun direktorunun, onun təqdimatı əsasında Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 3 müavini vardır.

5.5. Fondun aparatının və yerli orqanlarının inzibati vəzifə tutan işçiləri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada işə qəbul edilirlər.

5.6. Fondun direktoru:

5.6.1. Fondun fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.6.2. Fondun səlahiyyətinə aid olan məsələlər üzrə Nazirliyə təkliflər verir;

5.6.3. işçilərin peşə hazırlığı və əlavə təhsili üçün zəruri tədbirlər görür;

5.6.4. Fondun aparatının yardımçı vəzifə tutan işçilərini işə qəbul və işdən azad edir;

5.6.5. müəyyən olunmuş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Fondun aparatının, yerli orqanlarının strukturunu, xərclər smetasını və ştat cədvəlini təsdiq üçün Nazirliyə təqdim edir;

5.6.6. Fondun aparatının struktur bölmələrinin əsasnamələrini təsdiq edir;

5.6.7. Fondun büdcəsində nəzərdə tutulmuş vəsaitlərin təyinatı üzrə xərclənməsini təmin edir;

5.6.8. Fondun direktorunun müavinləri və təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq Fondun aparatının struktur bölmələrinin rəhbərləri arasında vəzifə bölgüsünü aparır;

5.6.9. Fondun aparatının və yerli orqanlarının inzibati vəzifə tutan işçiləri barədə intizam tənbehi tədbirlərinin görülməsi üçün Nazirlik qarşısında məsələ qaldırır;

5.6.10. Fondun aparatının və yerli orqanlarının işçilərinin həvəsləndirilməsi və mükafatlandırılması barədə tədbirlərin həyata keçirilməsini təmin edir;

5.6.11. Fondun işçilərinə icrası məcburi olan əmrlər və göstərişlər verir;

5.6.12. dövlət və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqı və işəgötürənlər birlikləri ilə, habelə hüquqi və fiziki şəxslərlə münasibətlərdə Fondu vəkalətnaməsiz təmsil edir;

5.6.13. Fondun strukturunun təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Nazirliyə təkliflər verir;

5.6.14. Fondun fəaliyyəti barədə Nazirliyə mütəmadi olaraq hesabat verir;

5.6.15. Fondun qəbul etdiyi qərarlardan verilmiş şikayətlərə baxır və əsas olduqda, həmin qərarları dəyişdirmək və ya ləğv etmək barədə qərar qəbul edir;

5.6.16. Fonda ayrılmış vəsaitin xərclənməsinə dair hesabatları Nazirliyə təqdim edir;

5.6.17. Fondun fəaliyyət istiqamətləri üzrə digər səlahiyyətləri həyata keçirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin