İDMAN
Britaniya derbisində Uels yığması Şimali İrlandiyaya qalib gələrək dörddəbir finala yüksəlib VİDEO
Bakı, 25 iyun, AZƏRTAC
İyunun 25-də futbol üzrə XV Avropa çempionatının səkkizdəbir final mərhələsində növbəti oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, ingiltərəli baş hakim Martin Atkinsonun idarə etdiyi görüşdə Uels və Şimali İrlandiya milli komandaları Parisin “Park de Prens” stadionunda qarşılaşıblar.
Oyunun birinci hissəsində Uels millisi üstün oyun nümayiş etdirsə də hesab açılmayıb.
Fasilədən sonra hesabı açmaq üçün hücumları gücləndirən uelsli futbolçular rəqibin qapısı qarşısında çoxsaylı qol vəziyyətləri yaradıblar. Qarşılaşmanın 75-ci dəqiqəsində onların hücumları bəhrəsini verib. Sol cinahdan rəqib müdafiəsini yaran Uels milli komandanın lideri Qaret Beylin qapı qarşısına ötürməsindən sonra hesab açılıb. Şimal İrlandiyalı futbolçu Qaret Makauli topu öz qapısından keçirib.
Şimali İrlandiyanın qalan vaxt ərzində hesabı dəyişmək cəhdləri nəticəsiz qalıb. Beləliklə, oyun 1:0 hesabı ilə Uels komandasının qələbəsi ilə başa çatıb. Uels millisi növbəti mərhələdə Macarıstan-Belçika oyunun qalibi ilə görüşəcək.
Günün sonuncu görüşündə Xorvatiya–Portuqaliya komandaları üz-üzə gələcək. Bu gün saat 23:00-da başlayacaq matçı ispaniyalı referi Karlos Velasko Karbalyo idarə edəcək.