REGİONLAR
Ağcabədidə məhsul yığımı davam edir
Ağcabədi, 26 iyun, AZƏRTAC
Ağcabədi rayonunda fermerlər və torpaq mülkiyyətçiləri 2016-cı ilin məhsulu üçün 65 min 955,7 hektar sahədə əkin həyata keçiriblər.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, builki əkinlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 4175 hektar çoxdur. Sahələrin 20 min 750 hektarı buğda, 5574 hektarı arpa, 2603 hektarı qarğıdalı, 1210 soya, 3711 hektarı pambıq, 815 hektarı şəkər çuğunduru, 185,5 hektarı kartof, 1184 hektarı tərəvəz, 523 hektarı bostan bitkiləri, qalanı yoncadır.
Hazırda əkin sahələrində becərmə işləri ilə yanaşı, məhsul yığımı da aparılır. Bu günədək 5582 hektardan 19 min 978 ton buğda, 4729 hektardan 13 min 971 ton arpa, 72 hektardan 854 ton kartof, 96 hektardan 1125 ton tərəvəz, həmçinin 501 ton meyvə və giləmeyvə yığılıb. Hər hektarın orta məhsuldarlıq buğda zəmilərində 35,8 sentner, arpa sahələrində 29,5 sentner, kartof üzrə 118,6 sentner, tərəvəz üzrə isə 117,2 sentnerdir.
Rayonda məhsul yığımı davam edir.