İQTİSADİYYAT
Ə.Əmirov adına NQÇİ-nin elektrik təchizatı yenilənir
Bakı, 26 iyun, AZƏRTAC
“Azneft” İstehsalat Birliyinin Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsində elektrik sisteminin yenilənməsi istiqamətində mühüm tədbirlər görülür.
SOCAR-dan AZƏRTAC-a bildiriblər ki, istismar müddəti başa çatan elektrik şəbəkələrinin, paylayıcı qurğuların, komplekt transformator məntəqələrinin yenilənməsi, müasir tipli avadanlıqla təchiz edilməsi prosesi yekunlaşmaq üzrədir. SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihələri əsasında “Neftqaztikinti” Trestinin 1 saylı Tikinti Quraşdırma Bölümü tərəfindən köhnə hava elektrik ötürücü xətləri kabel xətləri ilə əvəz olunub. Güc transformatorları quraşdırılıb, yeni yarımstansiyalar tikilərək istismara verilib. Bundan başqa, 94 neft quyusunun hava elektrik xətti yeni kabellərlə əvəzlənib. Həmçinin 1 və 7 saylı neftyığma məntəqələrinin, bir neçə inzibati və operator binalarının elektrik təchizatı yeni quraşdırılmış şəbəkəyə qoşulub.
Bundan əlavə, neft və qazçıxarma sahələrində müasir standartlara cavab verən avadanlıqla təchiz olunmuş 10 yarımstansiya tikilib, 1 transformator məntəqəsi quraşdırılııb.
Elektrik sisteminin yenidən qurulması məqsədilə hazırda “Azərişıq” ASC-ilə birlikdə 2 kilovoltluq elektrik şəbəkəsi 6 kilovoltluq elektrik şəbəkəsi ilə əvəzlənir. Tikinti-quraşdırma işlərinin cari ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulur.