REGİONLAR
Piri-Sultan Dədəgünəş ziyarətgahı həm də tarixi-mədəni irsi abidəsidir
Şamaxı, 27 iyun, Adil Ağayev, AZƏRTAC
Şamaxının Dədəgünəş kəndindəki Piri-Sultan Dədəgünəş türbəsi həm tarixi-mədəni irs abidəsi, həm də dini ziyarətgahdır. Dədəgünəş türbəsi 1602-1603-cü illərdə tikilib. Türbə iki otaqdan ibarətdir. Otaqların birində iki qəbir var. Türbənin üzərindəki kitabədə bu sözlər yazılıb: "Bu məqbərə mərhum, bağışlanmış, xoşbəxt, şəhid, möminlərin qulu, həqiqəti axtaran övliyalarının rəisi Dədəgünəş övladlarından Şeyx Məhəmməd ibn Dədəqulunundur".
Həmin kitabəyə görə, türbə Dədəgünəşin nəslindən Şeyx Dədəqulunun oğlu Şeyx Məhəmmədə məxsus olub. Rəvayətlərə görə, dərman bitkiləri ilə zəngin təbiəti və müalicə suları ilə məşhur olan Dədəgünəş kəndində orta əsrlərdə məşhur elm mərkəzlərindən biri yerləşib. Dədəgünəş XII əsrdə yaşayıb yaradan məşhur Azərbaycan şairi və mütəfəkkiri Əfzələddin Xaqaninin əmisi Kafiəddin Ömər ibn Osmanın ləqəbi olub.
Dədəgünəş məşhur alim, təbib və filosof idi. Rəvayətə görə, onu "yerin və insanların günəşi" adlandırırmışlar. Kəndin adı da onun adı ilə bağlıdır. Bu məqbərənin yerləşdiyi ərazidə bir vaxtlar böyük tibb mərkəzi fəaliyyət göstərib. Dədəgünəş həm də böyük sufi alimi hesab olunurdu. Sufilər sosial-ideoloji məsələlərə nəzarət edir, əxlaq normalarını tənzimləməyə çalışırdılar.
“Şirvan Elmlər Akademiyası” əsərinin müəllifi Eybalı Mehrəliyev Dədəgünəş piri və Kafiəddin Ömər ibn Osman haqqında geniş məlumat verir. 2000-ci ildə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində ssenari müəllifi Camal Yusifzadə, rejissoru Əli İsa Cabbarov olan “Dədəgünəş” filmi çəkilib.
Dədəgünəş barədə rəvayətlər hələ də dolaşmaqdadır. Başqa bir rəvayətə görə, bir kişi öz oğlu ilə gəzməyə çıxır. Dərman bitkiləri və giləmeyvə yığa-yığa meşənin dərinliyinə qədər gedir və gecəyə düşərək yolu azır. Onlar bir təpədə ocaq qalayıb otururlar. Gecədən keçmiş onları yuxu tutur. Səhər oğlan oyanır və görür ki, günəş çıxıb. Bərkdən “Dədə, günəş, dədə, günəş” deyərək qışqırır, atasını çağırır. Elə o vaxtdan kəndin adı Dədəgünəş qalıb.
Mərhum jurnalist Qulam Məmmədli də Dədəgünəş barədə bir rəvayət qələmə alıb. O yazıb ki, bu məqbərə məşhur ərəb təbibinin şərəfinə ucaldılıb. Belə ki, ərəb təbibi Azərbaycana gələrək onun zəngin təbiətinə heyran qalıb. Gəzə-gəzə gəlib bu yerlərə çıxıb. Qədim Şamaxının indiki Dədəgünəş kəndi ərazisindəki çoxlu sayda dərman bitkiləri onun burada qalmasına səbəb olub. Tezliklə Dədəgünəş şəfa ocağı kimi məşhurlaşıb. Təbib ölümündən sonra burada dəfn olunub.
Qeyd edək ki, Piri-Sultan-Dədəgünəş ziyarətgahının ətrafı qədim qəbiristanlıqdır. Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli mədəni irs abidəsi, eyni zamanda, ziyarətgahın, eləcə də ətrafdakı qəbiristanlığın geniş tədqiq edilməsinin Azərbaycanın qədim, tarixi abidələrlə zəngin bölgələrindən olan Şirvan tarixinin öyrənilməsində mühüm əhəmiyyəti olacağını söyləyir.