İDMAN
Yunan-Roma güləşçisi Rəsul Çunayev “Rio-2016”da Azərbaycana beşinci medalı qazandırıb VİDEO
Bakı, 17 avqust, AZƏRTAC
XXXI Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarında Azərbaycanı təmsil edən Rəsul Çunayev (66 kq) avqustun 16-da bürünc medal uğrunda mübarizədə Koreya Respublikasından olan Hansu Ryu ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, görüşdə R.Çunayevin rəqibinə qalib gəlməsi üçün 2 dəqiqə 20 saniyə lazım olub. Qarşılaşmada 8:0 hesabı ilə qalib gələn R.Çunayev XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb. Bu, “Rio-2016”da Azərbaycan yığma komandasının sayca beşinci medalı olub.
AZƏRTAC-ın arayışı: Rəsul Çunayev 1991-ci ildə Azərbaycanın Balakən şəhərində anadan olub. O, ötən Las-Veqasda keçirilən dünya çempionatında birinci yeri tutaraq qızıl medal qazanıb. Atletimiz Avropa çempionatının qızıl və gümüş medalçısı olub. R.Çunayev 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunlarının qızıl medalçısıdır.
Birinci Avropa Oyunlarında qazandığı yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə R.Çunayev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.