REGİONLAR
9 ayda sahələrdən 2 milyon 836,3 min ton məhsul götürülüb
Bakı, 20 oktyabr, AZƏRTAC
Hazırda kənd təsərrüfatı bitkilərinin yığımı davam edir. Oktyabr ayının 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 961,6 min hektar əkin sahəsinin 959,6 min hektarı biçilib və həmin sahələrdən 2 milyon 836,3 min ton məhsul götürülüb.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, orta hesabla hər hektardan əldə edilmiş məhsul 29,6 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanmış 29,6 min hektar dən üçün qarğıdalı sahəsindən 174,5 min ton məhsul götürülüb.
Məhsul yığımı başlanandan oktyabr ayının 1-dək sahələrdən 870,9 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 48,6 min ton çox kartof, 1 milyon 150,3 min ton (22,4 min ton az) tərəvəz, 461,4 min ton (20,1 min ton az) bostan məhsulları, 538,8 min ton (5,4 min ton çox) meyvə və giləmeyvə, 98,7 min ton (13,0 min ton az) üzüm, 891,9 ton (335,4 ton çox) yaşıl çay yarpağı, 59,1 min ton (18,3 min ton çox) şəkər çuğunduru, 17,1 min ton (1,7 min ton az) dən üçün günəbaxan, 3095 ton (275 ton çox) tütün yarpağı yığılıb.