İQTİSADİYYAT


9 iyun - Beynəlxalq Akkreditasiya günüdür

Bakı, 9 iyun, Sevda Cəfərova, AZƏRTAC

9 iyun - Beynəlxalq Akkreditasiya günüdür. Bu ilin devizi: “Akkreditasiya: Tikinti sahəsində etimad mühitinin təmin olunması”dır.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə iyunun 9-da Azərbaycan Akkreditasiya Mərkəzinin təşkilatçılığı ilə “Akkreditasiyanın müasir iqtisadiyyatda rolu” mövzusunda “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi Sabiq Abdullayev daxili bazarın təhlükəli məhsullardan qorunmasında, ticarətdə texniki maneələrin aradan qaldırılmasında və sahibkarlığın inkişaf etdirilməsində akkreditasiyanın rolunun mühüm olduğunu qeyd edib.

Akkreditasiya konkret işləri yerinə yetirmək üçün uyğunluğun qiymətləndirilməsi orqanlarının səlahiyyətlərinin milli orqan vasitəsilə rəsmi tanınması prosedurudur. Uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyası onların həyata keçirdikləri uyğunluğun qiymətləndirilməsi fəaliyyətlərinin yerinə yetirilməsinə səriştəli olduqlarına dair zəmanətin formalaşdırılması və uyğunluğun qiymətləndirilməsi nəticələrinin yerli və beynəlxalq səviyyədə tanınmasının təmin edilməsi üçün vacib bir mexanizmdir.

S.Abdullayev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 1234 nömrəli Fərmanına əsasən akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğun qiymətləndirilməsi (təsdiq), qurumların akkreditasiyasını və bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyin həyata keçirilməsini təmin edən “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs təsis edildiyini diqqətə çatdırıb. O qeyd edib ki, mərkəz ölkədə fəaliyyət göstərən sınaq və kalibrləmə laboratoriyalarının, keyfiyyəti idarəetmə sistemlərinin tətbiqi və sertifikatlaşdırılması ilə məşğul olan orqanların, məhsulların, personalların və inspeksiya xidmətlərini göstərən uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiya edilməsi ilə bağlı işləri həyata keçirir.

S.Abdullayev milli akkreditasiya sisteminin əldə etdiyi uğurların bir neçə il əvvəldən başlandığını bildirib. Onun sözlərinə görə 2012-ci ildə mərkəz (o zaman Dövlət Akkreditasiya Xidməti) Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq (International Laboratory Accreditation Cooperation-ILAC) təşkilatına müşahidəçi üzv kimi qəbul edilib. ILAC-a üzv olmaqla mərkəz beynəlxalq təşkilat tərəfindən akkreditasiya sahəsində yeni standart və qaydaların hazırlanmasında iştirak, qəbul edilmiş akkreditasiya üzrə normativ sənədlərin əldə edilməsi və bu istiqamətdə təcrübə mübadiləsində iştirak imkanları qazanıb. Eyni zamanda ticarət texniki maneələrin aradan qaldırılmasına, elmi-texniki məlumatların və texnologiyaların mübadiləsinə geniş imkanlar yaranıb. ILAC-a üzvlüyün ən böyük üstünlüyü akkreditasiya qurumunun fəaliyyətinin beynəlxalq səviyyədə tanınmasının təmin edilməsi olub.

S.Abdullayev, həmçinin bildirib ki, ölkə başçısının tapşırıqlarına uyğun olaraq, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndə heyəti cari ilin may ayının 22-dən 25-dək Sloveniyanın Bled şəhərində Avropa Akkreditasiya Təşkilatının (EA) Baş Assambleyasında iştirak edib və uğurlar əldə edib Belə ki, tədbir çərçivəsində Azərbaycanın nümayəndə heyəti Latviya, Belarus, Türkiyə, və Moldova nümayəndə heyətləri ilə görüşlər keçirib, akkreditasiya sahəsində əməkdaşlığın genişləndirilməsi və Azərbaycan Akkreditasiya Mərkəzinin təşkilata üzvlüyünün dəstəklənməsi ilə bağlı razılıq əldə olunub.

Almaniya Akkreditasiya Qurumunun (DAkkS) rəhbəri Stefan Finke ilə görüş zamanı Avropa İttifaqının maliyyəsi ilə DAkkS tərəfindən icrasına başlanacaq “Azərbaycan akkreditasiya sisteminin gücləndirilməsi” adlı “Tvininq” layihəsi çərçivəsində görüləcək işlər müzakirə olunub. Bildirilib ki, Almaniya, İtaliya və Latviyanın akkreditasiya qurumlarının birgə konsorsiumu tərəfindən icra olunacaq layihənin məqsədi Avropa tələblərinə cavab verən akkreditasiya sistemi vasitəsilə Azərbaycanın iqtisadi inkişafına və dünya bazarına çıxışına töhfə verməkdir. Layihənin sonunda Azərbaycan akkreditasiya orqanının bu sahədə beynəlxalq təşkilat olan EA-ya tam hüquqlu üzvlük təmin olunacaq ki, bu da öz növbəsində ölkəmizin akkreditasiya prosedurlarının tanınması və ixrac proseslərində texniki maneələrin aradan qaldırılması deməkdir. Səfər zamanı həmçinin, EA-nın vitse-prezidenti İqnasio Pina və aparatın rəhbəri Martine Blum ilə təşkilata üzvlüklə bağlı cari ilin əvvəlində Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən təqdim olunmuş müraciət müzakirə edilib.

Müraciət EA katibliyi tərəfindən yüksək qiymətləndirilib və noyabr ayında Berlində keçiriləcək Baş Assambleyanın növbəti iclası zamanı Azərbaycanın müvafiq qurumunun həmin təşkilata assosiativ üzv olaraq qəbulunun rəsmiləşdirilməsi barədə razılıq əldə olunub.

Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru Namiq Tağıyev son illər ölkəmizdə keyfiyyət infrastrukturunun inkişafı istiqamətində akkreditasiyanın rolu haqqında danışıb. O bildirib ki, bazarın liberallaşması, azad rəqabətin formalaşdırılması, sahibkarlıq subyektlərinin dünya bazarına çıxışının təmin olunması istiqamətində uyğunluğun qiymətləndirilməsi sahəsi üzrə akkreditasiyanın rolu danılmazdır.

Çexiya Respublikasının Metrologiya İnstitutunun Strateji İnkişaf bölməsinin rəhbəri və eyni zamanda “Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi” Tvininq Layihəsinin eksperti olan Yaroslav Mucha Azərbaycanla ölkəsi arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qurulmuş əməkdaşlıq əlaqələrindən danışıb. O keyfiyyət infrastrukturu sahəsində, xüsusən standartlaşma, sertifikatlaşdırma, uyğunluğun qiymətləndirilməsi sahələri və texniki maneələrin aradan qaldırılması istiqamətində zəruri olan fəaliyyətin bundan sonra da davam edəcəyinə əminliyini bildirib.

Tədbir çərçivəsində Akkreditasiya qurumunun təşkilati hüquqi formasının və fəaliyyətinin beynəlxalq tələblərə uyğunlaşdırılması, həmçinin akkreditasiya sisteminin gücləndirilməsi ilə bağlı fəaliyyətə başlayacaq “Tvinniq” layihəsinin müzakirələri aparılıb.

Bildirilib ki, Azərbaycanda akkreditasiya olunmuş 287 uyğunluğu qiymətləndirən qurum fəaliyyət göstərir ki, bunlardan 45-i sertifikatlaşdırma orqanı, 197-si sınaq laboratoriyası, 45-i isə kalibrləmə laboratoriyasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.