REGİONLAR


“ABAD” layihəsindən faydalanan ailələr istehsalata başlayıblar

Balakən, 5 avqust, AZƏRTAC

Kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluğuq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşmasına dəstək verən “ABAD” (Ailə Biznesinə ASAN Dəstək) layihəsindən faydalanan ailələr istehsalata başlayıblar.

AZƏRTAC xəbər verir ki, ötən ilin oktyabrında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında “ABAD Mərkəz”lərin fəaliyyət sahələrində Korporativ Əməkdaşlıq Sazişi imzalanıb. Əməkdaşlıq çərçivəsində Balakən rayonunun “ABAD” layihəsi 2-ci pilot layihə olaraq müəyyən edilib.

Ailə təsərrüfatlarının istehsal etdiyi məhsulların brendləşdirilməsi, qablaşdırma və dizaynların tərtib olunması işlərini də “ABAD” həyata keçirir. Həmçinin istehsal edilən məhsulların “bir pəncərə” prinsipi əsasında sertifikatlaşdırılması və satışı da “ABAD” tərəfindən təşkil olunur.

“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev bildirib ki, pilot layihə kimi əsasən kənd təsərrüfatı, dekorativ tətbiqi və xalq sənətkarlığı məhsullarının istehsalına üstünlük verilir. Hazırda bu layihə 130 ailəni əhatə edir. Həmin ailələrdən 22-si kənd təsərrüfatı məhsullarının, digərləri isə suvenirlərin istehsalı ilə məşğuldur. Bu məhsulların Bakı şəhərində yerləşən üç mağazada satışı təşkil edilir.

Balakəndə ailələrə 12 konteyner verilib. Ailə təsərrüfatları yüksəkkeyfiyyətli müxtəlif mürəbbələr hazırlayır və yerli marketlərdə satışa çıxarırlar. Gələcəkdə isə bu məhsullar Azərbaycan brendi kimi xarici ölkələrə ixrac olunacaq.

“ABAD” layihəsindən faydalanan sahibkar Xanım Zurnayeva bildirib ki, həyətlərində fındıq və meyvə bağları var. Əvvəllər meyvələr ağaclardan tökülür, xarab olurdu. Məhsul istehsal etmək üçün avadanlıq yox idi, şərait buna imkan vermirdi. Gün ərzində təxminən 15-20 kiloqram mürəbbə, cem hazırlayırdı ki, bunun da satışı çətinlik törədirdi. O deyib: “Buna görə “ABAD”a müraciət etdim və qısa zamanda “ABAD”çı oldum. Rayonumuza gətirilən 12 konteynerdən biri bizim həyətə qoyuldu. Deyə bilərəm ki, indi əvvəlki kimi gün ərzində 15-20 deyil, 200-300 kiloqram məhsul istehsal edirik. Nəinki öz bağımızdan, hətta qohum-qonşudan, kənd camaatından da məhsul alıb istehsal edirik. Ailəmiz üçün meyvə bağı brendi yaradılıb, məhsulumuzun satışından alınan vəsait isə birbaşa bank hesabımıza köçürülür. Məhsulların satışında, qablaşdırılmasında, daşınmasında, reklamında, dizayn işində “ABAD” bizə dəstək olur. Üzərimizə düşən yeganə vəzifə isə bir “ABAD”çı kimi yüksək keyfiyyətli məhsul hazırlamaqdır”.

Məhəmməd Bazarov da bu layihədən faydalanan fermerlərdəndir. Qaysa kəndində yaşayan fermer qeyd edib ki, 15 hektar meyvə bağı var. Hər hektardan 40-45 ton məhsul yığır. Məhsulun bir hissəsini bazarda satsa da, bir hissəsi satılmadığı üçün xarab olurdu. “Balakəndə yaradılmış “ABAD Mərkəz”ə müraciət etdim. Bizim üçün konteyner ayırdılar. Konteynerdə yüksək səviyyəli avadanlıqlar yerləşdirilib. Alma, armud, şaftalı, xurma və digər meyvələrdən müxtəlif mürəbbələr, povidla, cem, doşab istehsal edirik. “Bal-məkan” brendi ilə Azərbaycanın daxili bazarında böyük supermarketlərə və xarici bazara çıxmaq imkanı qazanmışıq”, - deyə M.Bazarov qeyd edib.

Beləliklə, ailə təsərrüfatları öz məhsullarını kustar üsulla deyil, bütün standartlara cavab verən şəraitdə istehsal edir və “ABAD”ın dəstəyi ilə rahatlıqla satmaq imkanı qazanıblar.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 sentyabr tarixli Fərmanı ilə yaradılan “ABAD” publik hüquqi şəxs ilkin mərhələdə pilot layihə olaraq Masallı rayonunda fəaliyyətə başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.