SİYASƏT
ABŞ AZƏRBAYCANA YARDIMI ARTIRIR
Cari ildə ABŞ-ın Azərbaycana yardımının həcmi ötən illə müqayisədə 10 milyon dollar artacaq və 50 milyon dollar təşkil edəcəkdir. Bu barədə ABŞ Dövlət departamentinin Avropa və Avrasiya ölkələri üzrə əlaqələndiricisi, iqtisadi islahatlar və əməkdaşlıq üzrə Amerika- Azərbaycan hökumətlərarası işçi qrupunun həmsədri, səfir Uilyam Teylor mətbuat konfransında məlumat vermişdir. Qrupun 4-cü iclasında iştirak etmək üçün Azərbaycana gəlmiş Uilyam Teylor demişdir ki, ABŞ 2002-ci ildə Azərbaycandan savayı, regionun digər ölkələrinə yardımı azaltmaq niyyətindədir. Dövlət departamenti xəzinədarlığı, ticarət, ədliyyə nazirlikləri, Beynəlxalq İnkişaf Agentliyi, Xarici İnvestisiyalar Korporasiyası, Ticarət və İnkişaf Agentliyi nümayəndələrinin iştirak etdikləri iclasda iqtisadi islahatların sürətləndirilməsi və amerikalı sərmayəçilərin “Yoxsulluğun azaldılması” proqramında iştirakı məsələlərinə xüsusi diqqət yetirilmişdir.
Amerika - Azərbaycan iqtisadi əməkdaşlığı 2002-ci ildə məsləhət köməyi, habelə narkotik maddələrlə mübarizədə hüquq mühafizə orqanlarının, sərhəd qoşunlarının fəaliyyətinin yaxşılaşdırılması şəklində davam etdiriləcəkdir. Bu məqsədlə yaxın vaxtlarda ABŞ Xəzinədarlığının, FTB-nin və Narkotik maddələrlə mübarizə agentliyinin nümayəndə heyətləri Bakıya gələcəklər.
Uilyam Teylor Amerika sərmayəçilərinin Azərbaycanda özəlləşdirmə proseslərində iştirak etməyə marağından danışaraq bildirmişdir ki, hazırda burada ABŞ-ın 75 şirkəti fəaliyyət göstərir və onların sayı artır, çünki sahibkarlar yerli iqtisadiyyata sərmayə qoymaqda maraqlıdırlar. Elə bu məqsədlə də sərmayəçilər şurası yaradılması barədə Azərbaycan hökuməti ilə danışıqlar aparılmışdır.