ELM VƏ TƏHSİL
ABŞ AZƏRBAYCANI REGİONDA ÖZÜNÜN MÜHÜM TƏRƏFDAŞI HESAB EDİR
Bu fikri Birləşmiş Ştatların ölkəmizdəki səfiri Ross Uilson Qafqaz Universitetinin 10 illik yubileyinə həsr olunmuş aylıq seminarın növbəti məşğələsində etdiyi məruzəsində bildirmişdir.
Məşğələnin əvvəlində universitetin rektoru professor Erol Oral rəhbərlik etdiyi tədris ocağının işindən danışmış, səfir Ross Uilson diplomatik fəaliyyəti barədə məlumat vermişdir.
Amerikalı diplomat “Azərbaycan dövlətinin neft siyasətinin reallaşmasında Amerika Birləşmiş Ştatlarının yeri və oynadığı rol” mövzusunda məruzəsində vurğulamışdır ki, onun ölkəsi Azərbaycanı bu regionda özünün mühüm strateji tərəfdaşı hesab edir. Azərbaycan dövlətinin neft strategiyasını dəstəkləməkdə ABŞ-ın əsas məqsədi enerji ehtiyatlarından Azərbayan xalqının rifahı naminə istifadə edilməsinə yardımçı olmaq və ümumiyyətlə, Cənubi Qafqaz regionunda sülhün və əmin-amanlığın təmin edilməsinə kömək göstərməkdir.
Ölkəmizdə neft-qaz layihələrinin gerçəkləşməsində Azərbaycan Prezidentinin qətiyyətini və iradəsini xüsusi vurğulayan səfir Ross Uilson demişdir ki, bu strategiyanın həyata keçirilməsi həm Azərbaycan, həm də dünya üçün əhəmiyyətlidir. Neft ehtiyatları Azərbaycanın müstəqilliyini qoruyan, iqtisadiyyatını inkişaf etdirən, onu dünya bazarlarına qovuşduran amil olmaqla yanaşı, Cənubi Qafqazda sabitliyin də təminatçısıdır.
Səfir Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulmasını Azərbaycanın enerji siyasətinin ən böyük uğurlarından biri kimi qiymətləndirmiş, bu marşurutun seçilməsində Prezident Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu söyləmişdir. Cənab Uilson xatırlatmışdır ki, neft strategiyasının həyata keçirilməsi qarşıdakı 10 ildə Azərbaycanın daxili gəlirinin 3 dəfə artması ilə nəticələnəcək, bu isə ölkə əhalisinin rifahının yaxşılaşması deməkdir. Azərbaycanın müstəqilliyi naminə ABŞ həmişə ona dəstək olacaqdır.
Daha sonra səfir suallara cavab vermişdir. O, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyevin ABŞ-a səfəri ilə bağlı suala cavabında demişdir ki, Azərbaycan və ABŞ arasındakı strateji əlaqələrin daha da möhkəmlənməsində İlham Əliyevin bizim ölkəmizə səfəri önəmlidir. Azərbaycanın bugünkü və gələcək siyasi həyatında önəmli şəxsiyyət olan İlham Əliyevin Amerikadakı görüşləri iki ölkə arasında əlaqələrin daha da genişlənməsində müsbət rol oynayacaqdır.
Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz seminarda iştirak etmişdir.