DÜNYA
ABŞ Əfqanıstanın Gilmənd əyalətinə 300 dəniz piyadası göndərir
Bakı, 20 aprel, AZƏRTAC
ABŞ Silahlı Qüvvələrinin komandanlığı Əfqanıstan ordusuna təlim keçmək üçün Gilmənd əyalətinə 300-ə yaxın dəniz piyadası göndərir. Bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsi Dövlət Vəziri bildirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, dəniz piyadaları Gilməndə aprelin sonunda gələcək. Onlar snayperlərin təlimi ilə məşğul olacaq, həmçinin əfqan əsgərlərinə örtülü mövqelərdən atəş açmağı və digər taktiki üsulları öyrədəcəklər.
2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Belə ki, ölkənin şimalındakı Qunduz şəhərini və hökumət qüvvələrin forpostu sayılan Sanqin şəhərini ələ keçirən taliblər hazırda Kabildən cənub-qərbdə yerləşən Qəzni əyalətinin eyni adlı administirativ mərkəzi uğrunda döyüşlər aparır. Həmçinin regionda İŞİD qruplaşmasının da təsir dairəsi artmaqdadır.
Gilmənd əyaləti Əfqanıstanın ən qaynar nöqtələrindən biridir. Təkcə son ayda “Taliban” bu istiqamətdə 4 ABŞ hərbçisini öldürüb.