SİYASƏT
ABŞ Azərbaycanlıları Şəbəkəsi Ağ Ev qarşısında etiraz aksiyası keçirib VİDEO
Vaşinqton, 8 aprel, AZƏRTAC
ABŞ Azərbaycanlıları Şəbəkəsi Ağ Ev qarşısında etiraz aksiyası keçirib. Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni təcavüzünün yenidən başlanması ilə əlaqədar keçirilən aksiyada Vaşinqton və onun ətraf rayonlarının azərbaycanlı və türk icmalarının üzvləri iştirak ediblər.
Nümayişçilərin əllərində tutduqları plakatlarda Ermənistanın hərbi təcavüzü və Qarabağda azərbaycanlı əhalini etnik təmizləməyə məruz qoyması haqqında faktlar təqdim edilib. Dünya ictimaiyyəti Yerevanın işğalçı siyasəti faktını tanımağa və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazisindən çıxarılmasını tələb etməyə çağırılıb. Plakatlarda BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Şurası Parlament Assambleyası, BMT Baş Məclisi və digər təşkilatların müddəaları, habelə “Qarabağ bizimdir, bizim olacaq”, “Ermənistan, Azərbaycandan rədd ol”, “Ermənistan etnik təmizləmədə günahkardır”, “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” kimi şüarlar əks olunub.
Çıxış edən aksiya iştirakçıları Ermənistan silahlı qüvvələrinin Azərbaycanla təmas xəttində törətdiyi hərbi təxribatları qınayıb, Ermənistan tərəfindən atəşə məruz qalan dinc sakinlərin tələfatı və əmlaklarına dəyən ziyanla müşayiət olunan hadisələrdən narahatlıq ifadə ediblər. Bundan əlavə, onlar ABŞ Administrasiyasını Ermənistanın təcavüzünü qətiyyətlə pisləməyə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan tərəfindən icra olunmasını tələb etməyə çağırıb. Nümayişçilər, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal çıxarılmasını, girovların azad edilməsini və məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün şərait yaradılmasını tələb ediblər.
Xatırladaq, ki aprelin 4-də ABŞ Azərbaycanlıları Şəbəkəsi Ermənistan səfirliyi qarşısında da etiraz aksiyası keçirib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton