SİYASƏT
ABŞ Azərbaycanlıları Şəbəkəsi Birləşmiş Ştatları Ermənistana maliyyə yardımını dayandırmağa çağırıb
Vaşinqton, 28 mart, AZƏRTAC
ABŞ Azərbaycanlıları Şəbəkəsi ABŞ Nümayəndələr Palatası Təxsisatlar Komitəsi yanında “Dövlət, xarici əməliyyatlar və əlaqədar proqramlar üzrə büdcə təxsisatlarının alt komitə”sinin 2016-cı maliyyə ilinə dair dinləmələrinə şahid ifadəsini təqdim edib. ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçisi və direktorlar şurasının üzvü Bədir Məmmədli çıxışında komitənin sədri Key Qranqerə və komitənin baş üzvü Nita Louiyə təşəkkür edərək, ABŞ-ın dünya ölkələrinə maliyyə yardımı ayırmalı olduğu meyarlar əsasında Azərbaycan təşkilatının hazırladığı arqumentləri izah edib. O bildirib ki, ABŞ-ın Azərbaycana və Ermənistana maliyyə yardımının ayrılmasında böyük disbalans mövcuddur. B.Məmmədli qeyd edib ki, Azərbaycan Ermənistanın hərbi təcavüzünə və işğalına məruz qalıb. Ancaq buna baxmayaraq, Azərbaycan ondan xeyli az əhaliyə malik, təcavüzkar Ermənistandan olduqca az yardım alır. ABŞ Konqresinin Tədqiqat Xidmətinin məlumatına əsasən, əhalisinin sayı 5 dəfə çox, Ermənistan silahlı qüvvələrinin etnik təmizləməsi nəticəsində daha çox qaçqın və məcburi köçkünü olan Azərbaycan 1992-ci ildən etibarən 1 milyard dollar, Ermənistan isə 2,2 milyard dollar yardım alıb.
B.Məmmədli onu da qeyd edib ki, ABŞ Konqresi Azərbaycan ərazilərinin işğalı faktının beynəlxalq aləmdə tanınmasını və Ermənistanın beynəlxalq hüququn elementar prinsiplərini pozduğunu nəzərə alaraq, Ermənistana hərbi yardımı dayandırmalıdır. Ermənistana birbaşa hərbi yardım ona Azərbaycan ərazilərini işğal altında saxlamağa imkan yaradır. Bundan başqa, Ermənistan Amerika vergi verənlərinin pullarından təyinatı üzrə istifadə etmir, çünki bu ölkə ABŞ-ın milli maraqlarına uyğun olmayan hərbi ittifaqın tərkibindədir.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçisi daha sonra qeyd edib ki, ABŞ-dakı azərbaycanlılar Ermənistan-Azərbaycan münaqişəsindən zərərçəkənlərə ABŞ yardımının təkcə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ regionuna yönəldilməsindən narahatdırlar. Bu da Dağlıq Qarabağın öz torpaqlarından qovulmuş azərbaycanlı icmasının hiddətinə səbəb olub. B.Məmmədli bəyan edib: “Təəssüf ki, ABŞ administrasiyası Azərbaycanın işğal olunmuş regionuna bilavasitə yardımı davam etdirir. Halbuki digər separatçı törəmələrə, o cümlədən Krım, Abxaziya, Cənubi Osetiya və Dnestryanı və dünyanın digər analoji regionlarına münasibətdə belə yardım göstərmir”. B.Məmmədli təmsil etdiyi təşkilatın adından ABŞ-ı Azərbaycanın işğal olunmuş ərazilərindəki rejimə göstərdiyi maliyyə yardımını dayandırmağa çağırıb. Bildirib ki, bu addım ərazi bütövlüyü prinsipini dəstəkləyən Amerika siyasətinin ardıcıllığını və obyektivliyini təsdiq edər.
Bundan başqa, Azərbaycan təşkilatının nümayəndəsi qeyd edib ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda marionet rejiminə ABŞ-ın yardımı qeyri-leqal narkotik ticarətin inkişafına kömək edir, radioaktiv və nüvə materiallarının, qaçaqmal yolu ilə silahların yayılmasına və digər qeyri-qanuni fəaliyyətə imkan yaradır. Məhz Ermənistanın yüksək vəzifəli məmurlarının qaçaqmal yolu ilə silah keçirmələri İraqda Amerika əsgərlərini öldürən yaraqlıların raketlər və pulemyotlarla silahlanmasına kömək edib. Bütün bu faktlar Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-leqal rejimə maliyyə yardımının dayandırılmasını zərurətə çevirir.
Nəhayət, Ermənistan 2014-cü il mart ayında BMT Baş Məclisinin iclasında Ukraynanın ərazi bütövlüyünə dair qətnamənin əleyhinə səs vermiş ölkələrdən biridir ki, bu da Ermənistanın fəaliyyətinin Birləşmiş Ştatların maraqlarına qətiyyən uyğun olmadığını təsdiqləyir. Dinləmələr zamanı erməni təşkilatlarının üzvləri də çıxış ediblər. Xatırladaq ki, ABŞ Azərbaycanlıları Şəbəkəsi hər il ABŞ Nümayəndələr Palatası Təxsisatlar Komitəsi yanında “Dövlət, xarici əməliyyatlar və əlaqədar proqramlar üzrə büdcə təxsisatlarının alt komitə”sinə şahidlik ifadəsi təqdim edərək ABŞ qanunvericilərini Ermənistanın təcavüzkarlığı, beynəlxalq hüquq normalarını pozması, Azərbaycanın məcburi köçkünləri, Ermənistanın ABŞ-ın milli maraqlarına uyğun gəlməyən fəaliyyəti barədə məlumatlandırır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton