QAN YADDAŞI


ABŞ Azərbaycanlıları Şəbəkəsi Qara Yanvar hadisələri ilə bağlı ənənəvi kampaniyaya başlayıb

Vaşinqton, 18 yanvar, AZƏRTAC

ABŞ Azərbaycanlıları Şəbəkəsi Azərbaycan xalqının faciəsinin 27-ci ildönümü ilə əlaqədar 1990-cı il 20 Yanvar hadisələri haqqında ABŞ ictimaiyyətinin məlumatlandırılması üzrə ənənəvi yazılı kampaniyaya başlayıb. Şəbəkə tərəfindən hazırlanmış müraciətdə sovet ordusunun Bakı şəhərində dinc əhaliyə qarşı hərbi cinayətlərindən danışılır, “Human Right Watch” hüquq müdafiə təşkilatının “Azərbaycanda Qara Yanvar” hesabatından faktlar, habelə Yanvar faciəsinin qurbanları haqqında statistik məlumatlar gətirilir. Müraciətdə deyilir ki, sovet qoşunlarının 26 minlik kontingenti 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə silahlı müdaxilə edib. Sovet əsgərləri mərkəzi televiziyanın enerji blokunu partladaraq respublikada informasiya blokadası yaradıblar. Ordu Bakıda dinc əhaliyə qarşı amansız qırğın törədib. Nəticədə 140 nəfər həlak olub, 700-dən çox adam yaralanıb. Bakıda dinc sakinlərin qətlə yetirildiyi səhnələr 1956-cı ildə Budapeştdə və 1968-ci ildə Praqada dinc əhalinin kütləvi qırılmasını xatırladır. Qeyd edilib ki, Bakıda dinc əhalini atəşə tutan sovet ordusu ağırlıq mərkəzi dəyişdirilmiş 5,45 millimetr kalibrli qadağan edilmiş güllələrdən istifadə edib.

ABŞ Azərbaycanlıları Şəbəkəsinin Amerika ictimaiyyətinə, mətbuatına və qanunvericilərinə müraciətində bildirilir ki, 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda sovet hakimiyyətinin sonunun başlanğıcı oldu və sovet dövlətçiliyinin təməlini sarsıtdı. Müraciətdə deyilir: “20 Yanvar hadisələri Azərbaycan xalqının yaddaşına qanlı səhifə kimi həkk olunub. Aradan 27 il keçsə də, Qara Yanvar öz əhəmiyyətini itirmir. Milyonlarla azərbaycanlı və Azərbaycanın dostları hər il Bakı şəhərində Şəhidlər Xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən qəhrəmanların xatirələrinə ehtiramlarını bildirirlər”.

ABŞ-ın Azərbaycan icmasının üzvləri yazılı kampaniya vasitəsilə Amerika ictimaiyyətini 20 Yanvar hadisələri haqqında məlumatlandırır, ölkə qanunvericilərini bu amansız aksiyanı rəsmi şəkildə pisləyən qətnamələr qəbul etməyə çağırırlar. ABŞ Azərbaycanlıları Şəbəkəsinin ənənəvi kampaniyası nəticəsində son 9 ildə Amerikanın müxtəlif nəşrlərində Qara Yanvar haqqında onlarla məqalə dərc olunub, qubernator proklamasiyaları və bir neçə ştatda parlament qətnamələri qəbul edilib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.