SİYASƏT


ABŞ Dövlət Departamenti Azərbaycanın Qarabağ regionunda vəziyyətin kəskinləşməsindən narahatdır

Vaşinqton, 22 iyun, AZƏRTAC

ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətlə əlaqədar rəsmi bəyanat verib.

Bəyanatda deyilir ki, Birləşmiş Ştatlar son həftə təmas xəttində atəşkəs rejiminin pozulmasının çoxsaylı qurbanlara gətirib çıxarmasından dərin narahatlıq keçirir. “Biz tərəfləri eskalasiyadan çəkinməyə və Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd və qoşunların təmas xətti boyunca gərginliyi azaltmaq tədbirlərini dərhal nəzərdən keçirməyə çağırırıq”, - deyə sənəddə vurğulanır.

Həmçinin qeyd edilir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 19-da dərc olunmuş bəyanatda tərəfləri danışıqları xoş məram və siyasi iradə ruhunda təzələməyə çağırıb.

Noyert vurğulayır ki, Birləşmiş Ştatlar tərəflərlə intensiv qarşılıqlı fəaliyyət göstərməyi davam etdirir. “ATƏT-in Minsk qrupunun həmsədrləri ilə bölüşdüyümüz davamlı siyasət onunla yekunlaşır ki, ədalətli tənzimlənmə özündə Helsinki Yekun Aktını, o cümlədən güc tətbiq etməmə, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsiplərini əhatə edən beynəlxalq hüquqa əsaslanmalıdır”, - deyə bəyanatda bildirilir.

Xatırladaq ki, 1993-cü ilin aprel-noyabr aylarında BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalını pisləyən, onların bu ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün şərait yaradılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin mart ayında BMT Baş Məclisi tərəfindən beynəlxalq birliyin Təhlükəsizlik Şurasının qətnamələrində ifadə edilmiş mövqeyini bir daha təsdiqləyən 62/243 nömrəli qətnamə qəbul olunub. Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların qanunverici orqanları BMT Təhlükəsizlik Şurasının bu qətnamələrini əsas götürərək, erməni işğalçı qüvvələrinin Azərbaycandan çıxarılmasını tələb edən onlarca yeni qətnamələr qəbul ediblər. Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirir və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.