SİYASƏT


ABŞ Dövlət Departamenti Azərbaycanın Qarabağ regionunda vəziyyətin kəskinləşməsindən narahatdır VİDEO

Vaşinqton, 7 iyul, AZƏRTAC

ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin kəskinləşməsi ilə əlaqədar rəsmi bəyanat verib.

Bəyanatda deyilir ki, Birləşmiş Ştatlar yenə də dinc sakinlərin, o cümlədən ikiyaşlı uşağın ölümü ilə nəticələnən atəşkəs rejiminin pozulmasından dərin narahatlıq keçirir. Noyert həlak olanların ailələrinə səmimi başsağlığını ifadə edib. O qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yanaşı, ABŞ tərəfləri hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına qayıtmağa dəvət edir.

Dövlət Departamentinin nümayəndəsi bəyanatının sonunda vurğulayıb ki, regionda ABŞ-ın siyasəti aydın olaraq qalır: “Bu münaqişənin yeganə həlli özündə güc tətbiq etməmək və ərazi bütövlüyü prinsiplərini əhatə edən beynəlxalq hüquq çərçivəsində danışıqlar əsasında tənzimlənmədir”.

Xatırladaq ki, Ermənistan ordusu tərəfindən işğal edilmiş Füzuli rayonunun Alxanlı kəndi iyulun 4-də qumbaraatanlardan, 82 və 120 millimetrlik minaatanlardan atəşə tutulub, nəticədə kəndin sakini Sahibə Quliyeva və 2 yaşlı nəvəsi Zəhra Quliyeva həlak olublar.

Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayon Ermənistan ordusu tərəfindən 1991-1994-cü illərdə işğal edilib. 1993-cü ilin aprel-noyabr aylarında BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalını pisləyən, onların bu ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün şərait yaradılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin mart ayında BMT Baş Məclisi tərəfindən beynəlxalq birliyin Təhlükəsizlik Şurasının qətnamələrində ifadə edilmiş mövqeyini bir daha təsdiqləyən 62/243 nömrəli qətnamə qəbul olunub. Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların qanunverici orqanları BMT Təhlükəsizlik Şurasının bu qətnamələrini əsas götürərək, erməni işğalçı qüvvələrinin Azərbaycandan çıxarılmasını tələb edən onlarca yeni qətnamələr qəbul ediblər. Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirir və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.