SİYASƏT
ABŞ Dövlət Departamenti Con Kerrinin Dağlıq Qarabağ münaqişəsi barədə şərhlərinə aydınlıq gətirib VİDEO
Vaşinqton, 4 oktyabr, AZƏRTAC
Xəbər verildiyi kimi, keçən həftə ABŞ-ın dövlət katibi Con Kerri Vaşinqtonda Atlantik və Aspen İnstitutunda dünyanın müxtəlif yerlərində münaqişələri müzakirə edərkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini də xatırladıb. O, Azərbaycan ilə Ermənistan arasında münaqişənin həll edilməsi üçün şəraitin yetişmədiyini söyləyib.
Oktyabrın 3-də ABŞ Dövlət Departamentinin pres-brifinqində AZƏRTAC-ın xüsusi müxbiri Yusif Babanlı Dövlət Departamentinin nümayəndəsindən Con Kerrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə şərhlərinə açıqlama verməsini xahiş edib. O qeyd edib ki, bu ilin mart ayında dövlət katibinin verdiyi bəyanatda ABŞ hökuməti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. ABŞ-ın mövqeyi ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin çıxışında (2014-cü il 7 may) da yer alıb. Bu çıxışda qeyd olunub ki, münaqişənin nizama salınması üçün Ermənistan ordusu Dağlıq Qarabağa bitişik işğal edilmiş rayonlardan çıxarılmalı, məcburi köçkünlərin öz yerlərinə qayıtmaları üçün şərait yaradılmalı, Dağlıq Qarabağa müvəqqəti status verilməli və bundan sonra gələcəkdə regionun statusu müəyyən edilməlidir. Çünki Azərbaycanın mövqeyi yuxarıda qeyd edilənlərlə ziddiyyət təşkil etmir, ABŞ-ın mövqeyi və Minsk prosesi ilə üst-üstə düşür, Ermənistan isə öz ordusunu işğal edilmiş ərazilərdən çıxarmaqdan imtina edir. AZƏRTAC-ın xüsusi müxbiri ABŞ xarici siyasət idarəsinin bəyanatına aydınlıq gətirilməsini xahiş edib.
E.Trudo cavabında qeyd edib ki, o, dövlət katibinin sözlərini təhlil edə bilməz, lakin bir daha bəyan edir ki, ABŞ hökuməti Dağlıq Qarabağ münaqişəsinin danışıqlara əsaslanan nizama salınması prosesini dəstəkləyir. Dövlət Departamentinin nümayəndəsi vurğulayıb: “Biz tərəflərlə fəal işləməyi davam etdiririk, çünki ATƏT-in Minsk qrupunun həmsədriyik”. O deyib ki, münaqişə üzrə uzunmüddətli mövqe Helsinki Yekun Aktının prinsiplərini əhatə edən beynəlxalq hüquqa əsaslanır.
Xatırladaq ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ 1992-1994-cü illərdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Müharibənin gedişində Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində oyuncaq rejim yaradılıb. Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üzrə danışıqlar ATƏT-in Minsk qrupu çərçivəsində aparılır.