DÜNYA
ABŞ GÜRCÜSTANA YÜNGÜL ATICI SİLAH VƏ RABİTƏ AVADANLIĞI GÖNDƏRƏCƏK
İki ölkə arasında hərbi əməkdaşlıq proqramına uyğun olaraq, ABŞ Gürcüstana yüngül atıcı silah və rabitə avadanlığı göndərəcəkdir. Xüsusi avadanlığın və texnikanın bir hissəsi bazar günü Amerika hərbi təlimatçıları ilə birlikdə Tbilisiyə gətirilmişdir.
Gürcüstan-Amerika əməkdaşlıq proqramına əsasən, 150 ABŞ təlimatçısı Müdafiə Nazirliyinin üç xüsusi batalyonunu və bir zirehli qrupunu, habelə sərhəd qoşunlarının bir rotasını hazırlayacaqdır. Bütünlükdə onlar Gürcüstanın müqavilə ilə qulluq edən 2 min nəfərədək hərbçisinə təlim keçəcəklər.
İTAR-TASS-ın verdiyi xəbərə görə, Gürcüstan Müdafiə Nazirliyi və Baş Qərargahı zabitlərinin ikiaylıq təlimi mayın 27-də başlanacaq və Tbilisidə, Gürcüstan Birləşmiş Hərbi Akademiyasının ərazisində olacaqdır. Birinci mərhələdə təxminən 200 zabit qərargah şəraitində xüsusi hazırlıq kursu keçəcəkdir.
Avqustda proqramın növbəti mərhələsi – Gürcüstanın müqavilə ilə qulluq edən hərbçilərinin çöl şəraitində üçaylıq taktiki hazırlığı başlanacaqdır.
Amerikanın Gürcüstanda təlim və təkrar hazırlıq missiyasının rəhbəri podpolkovnik Robert Uoltmayer bildirmişdir ki, ABŞ təlimatçıları Gürcüstanda 21 ay qalacaqlar, proqramın özü isə dörd mərhələdən ibarət olacaqdır.
Uoltmayer Amerika təlimatçılarını “yüksək səviyyəli peşəkarlar” kimi səciyyələndirərək bildirmişdir ki, onlar İraqda, Kolumbiyada, Konqo və Haitidə aparılmış əməliyyatlarda iştirak etmişlər.