ELM VƏ TƏHSİL
ABŞ HÖKUMƏTİ AZƏRBAYCANDA TƏHSİL PROQRAMLARININ HƏCMİNİ ARTIRMIŞDIR
Sentyabrın 11-də ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilsonun, təhsil naziri Misir Mərdanovun, Amerikanın ACCELS, İREX, PROCEKT HARMONI təhsil təşkilatlarının Bakıdakı nümayəndəlikləri rəhbərlərinin iştirakı ilə keçirilmiş mətbuat konfransı ABŞ Dövlət departamentinin Azadlığı dəstəkləmə aktı çərçivəsində 2001-2002-ci illərdə gerçəkləşdirəcəyi təhsil proqramlarına həsr olunmuşdur.
Cənab Uilson bildirdi ki, 10 il əvvəl müstəqilliyə qovuşan Azərbaycan barəsində ABŞ-ın xarici siyasətinin əsas xətti onun suverenliyini, ərazi bütövlüyünü dəstəkləməkdən və möhkəmlətməkdən ibarətdir və Azərbaycanın dünya birliyinə inteqrasiyası, bazar iqtisadiyyatı təsisatlarının tətbiqi istiqamətində xeyli iş görülmüşdür. Səfir təhsil sahəsinə toxunaraq, Azərbaycanda 1992-ci ildən həyata keçirilən təhsil proqramlarını “gələcək naminə qoyulmuş sərmayələr” adlandırdı. O vaxtdan bəri həmin proqramlara əsasən Azərbaycanın 1600-dən artıq vətəndaşı ABŞ-a təhsil almağa getmiş, Amerikanın bu sahəyə qoyduğu sərmayələrin ümumi məbləği təxminən 30 milyon dollar olmuşdur. Hazırda 7 proqram həyata keçirilir, cari ildən onlara ümumi müddəti 4 həftədən 2 ilədək olan daha 4 proqram əlavə edilmişdir. Əsas proqramlardan biri “Gələcək liderlər mübadiləsi”dir. O, il ərzində oxumaq şərtilə məktəblilər üçün nəzərdə tutulmuşdur. Hazırda həmin proqram üzrə ABŞ-da 55 məktəbli təhsil alır. Tələbələrin magistratura keçməsi üçün də proqramlar var. Sabiq dövlət katibi Edmund Maskinin adını daşıyan bu proqramda təhsil müddəti 2 ildir. Ən bahalı olan həmin proqram üzrə hazırda Azərbaycanın 30 vətəndaşı təhsil alır. 1998-ci ildən bəri isə ölkəmizin 112 nümayəndəsi ABŞ-da magistratura keçmişdir. Alimlər, orta məktəb müəllimləri, habelə digər peşə sahibləri nümayəndələri üçün də proqramlar var.
Yaxın vaxtlarda PROCEKT HARMONI proqramının xətti ilə Bakının 164 və 220 nömrəli məktəblərində kompüter sinifləri açılacaq və burada şagirdlər İnternet vasitəsilə amerikalı yaşıdları ilə ünsiyyətdə ola biləcəklər. Həmin proqrama əsasən 10 məktəb – Bakıda 5, Gəncədə 3 və Mİngəçevirdə 2 məktəb kompüterləşdiriləcəkdir.
Təhsil naziri Misir Mərdanov bu sahəyə diqqətə görə ABŞ hökumətinə təşəkkür edərək, həmin proqramların bütün bölgələrimizdə yayılacağına ümid bəslədiyini söylədi.