ELM VƏ TƏHSİL
ABŞ-IN SƏFİRİ BDU-NUN TƏLƏBƏ VƏ MÜƏLLİMLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
ABŞ-ın Bakıdakı səfiri Ross Uilson Bakı Dövlət Universitetinin tələbə və müəllimləri ilə görüşmüşdür. Görüş Beynəlxalq təhsil həftəsinə həsr olunmuşdu. Universitein rektoru, MEA-nın müxbir üzvü Abel Məhərrəmov görüşü açaraq, BDU-nun Amerika universitetləri ilə, o cümlədən İndiana ştatının universiteti ilə beynəlxalq əlaqələrindən danışmışdır. Rektor bildirmişdir ki, Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrin inkişaf konsepsiyası çərçivəsində 1 milyon dollara yaxın qrant almışdır.
Sonra səfir Ross Uilson çıxış edərək, hər il noyabrın 18-dən 23-dək qeyd olunan Beynəlxalq təhsil həftəsinin məqsədlərindən bəhs etmişdir. Diplomat xatırlatmışdır ki, Amerika hökuməti Azərbaycanda orta məktəb şagirdləri, tələbə və müəllimlər üçün bir sıra təhsil proqramları həyata keçirir. 1998-ci ildən bəri bu proqramlara 20 milyon dollar vəsait xərclənmişdir. 2002-ci ildə həmin məqsədlər üçün 7 milyon dollar ayrılmışdır. Proqramlarda 1500-dən çox Azərbaycan vətəndaşı iştirak etmişdir.
Səfir Azərbaycan-Amerika əlaqələrinin inkişaf perspektivlərindən danışaraq demişdir ki, onun fikrincə, Azərbaycanın gələcəyi iqtisadi rifahın təmin edilməsi, demokratik azadlıqlara riayət olunması, qlobal inteqrasiya proseslərində iştirak və regionda sülh yaradılması ilə bağlıdır.
Sonda Ross Uilson görüş iştirakçılarının suallarına cavab vermişdir.