İQTİSADİYYAT
ABŞ-IN “USA TODAY” QƏZETİ DÖVLƏT NEFT FONDUNDAN YAZIR
Azərbaycan Respublikası Dövlət Neft Fondundan (DNF) AZƏRTAC-a bildirmişlər ki, ABŞ-da çıxan “USA Today” qəzetində Fond haqqında yazı dərc olunmuşdur. Qəzetin “İqtisadiyyat” bölməsində verilmiş yazıda 1999-cu ildə yaradılmış DNF-nin ölkənin neft gəlirlərinin idarə olunmasında mühüm rol oynayacağı bildirilir və qeyd olunur ki, Fond Hasilatın Pay Bölgüsü sazişlərinin həyata keçirilməsindən əldə olunan neft gəlirlərini toplayır və infrastrukturun, təhsilin, enerji sisteminin inkişafı ilə bağlı layihələrin həyata keçirilməsinə yönəldir.
Məqalədə Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov deyir: “Bizim iki missiyamız var: makroiqtisadi sabitliyin qorunması iqtisadiyyatın diversifikasiyası üçün vəsaitlərimizi və investisiyalarımızı idarə etmək və gələcək nəsillərə iş yerləri yaratmaq. Biz neftin satışından əldə etdiyimiz vəsaitlərin xalqa hər zaman fayda verməsini təmin etməliyik”.
Yazıda daha sonra bildirilir ki, Harvard Universitetinin məzunu olan icraçı direktor Neft Fondunun ölkənin investisiya siyasətində və gündəlik iqtisadi həyatında oynaya biləcəyi rolu yaxşı dərk edir. “Bizim vəsaitlərimiz bu gün 1,6 milyard dollar təşkil edir və 2008-ci ilədək 10 milyarda çatacaq”, - yazıda Ş.Mövsümova istinadən belə məlumat verilir.
Qəzet yazır ki, enerji sektoruna arxalanan Azərbaycan region üçün nümunə ola bilər: “Azərbaycan Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulmaqla, başqa ölkələr üçün örnəyə çevrilib”.