SİYASƏT
ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun həmsədrindən Respublika Günü ilə bağlı bəyanat
Vaşinqton, 1 iyun, AZƏRTAC
ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun həmsədri, Tennesi ştatından seçilmiş konqresmen Stiv Kohen Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə bəyanatla çıxış edib.
Konqresmen Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edərək, 1918-ci ildə Azərbaycanın müsəlman dünyasında ilk dünyəvi parlamentar respublika qurduğunu, onun Prezident Vudro Vilson Administrasiyası tərəfindən tanındığını və bu respublikanın qadınlara səsvermə hüququ verən ilk müsəlman dövləti kimi tarixə düşdüyünü vurğulayıb.
Bəyanatında Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdiyini deyən konqresmen ölkənin bu ərəfədə ciddi çağırışlarla qarşılaşdığını və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini, habelə BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının bu torpaqlardan çıxması tələbinə baxmayaraq, Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonun hələ də erməni işğalı altında olduğunu bildirib.
Daha sonra bəyanatda Azərbaycanın təhlükəsizlik, o cümlədən terrorçuluqla mübarizə, nüvə materiallarının yayılmaması, beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı və enerji təhlükəsizliyi kimi sahələrdə ABŞ-ın vacib tərəfdaşı olduğu diqqətə çatdırılıb. Bu kontekstdə, Azərbaycanın Əfqanıstanla bağlı töhfələri yüksək qiymətləndirilib. Bununla yanaşı, ölkəmizin Xəzər dənizinin karbohidrogen resurslarının dünya bazarlarına çıxarılmasında oynadığı mühüm rol və “Cənub Qaz Dəhlizi” layihəsinin gələcəkdə ABŞ-ın müttəfiqlərinin enerji təhlükəsizliyinə mühüm töhfəsi ilə bağlı məsələlərə xüsusi diqqət cəlb edilib.
Konqresmen Azərbaycanın İsraillə sıx əlaqələrə malik olduğunu və ölkəmizin İsrailin neft tələbatının 40 faizə yaxın bir hissəsini qarşıladığını vurğulayıb, ümumilikdə Azərbaycan cəmiyyətinin güclü tolerant ənənələrə malik olduğunu, burada xristianların və yəhudilərin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd edib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton