DÜNYA
ABŞ PREZİDENTİNİN AVROPAYA SƏFƏRİ
ABŞ Prezidenti Corc Buş mayın 22-də Avropa ölkələrinə səfərə yola düşmüşdür. Yeddigünlük səfər zamanı o, Almaniya, Rusiya, Fransa və İtaliyaya gedəcəkdir. Onun səfər proqramının başlıca bəndi mayın 23-26-da Moskva və Sankt-Peterburqda keçiriləcək Rusiya-Amerika sammiti olacaqdır. Səfər Romada Rusiya-NATO müşavirəsi ilə başa çatacaqdır. Orada “iyirmilər” formatında Moskva ilə Şimali Atlantika Alyansı arasında əməkdaşlıq haqqında saziş bağlanacaqdır.
Mayın 24-də Kremldə prezidentlər Vladimir Putinin və Corc Buşun strateji hücum silahlarına dair müqavilə və iki ölkə arasında strateji münasibətlər haqqında siyasi bəyannamə imzalaması Rusiya-Amerika sammitinin zirvəsi olacaqdır. Gözlənildiyinə görə, beynəlxalq terrorizmlə mübarizə, iqtisadi sahədə qarşılıqlı fəaliyyət, RF və ABŞ vətəndaşları arasında əlaqələr haqqında birgə bəyanatlar da imzalanacaqdır.
ABŞ Prezidenti hesab edir ki, onunla Rusiya Prezidenti Vladimir Putin arasında şəxsi münasibətlər sözün əsl mənasında yaxşı təşəkkül tapır. O, Rusiyaya səfər ərəfəsində İTAR-TASS-ın və ORT-nin müxbirlərinə məxsusi müsahibəsində demişdir: “Əgər şəxsi qarşılıqlı anlaşma olmasaydı və ya pis olsaydı, indiyədək keçirilmiş beş görüş də olmazdı, cəmi bir görüş olardı. “İstərdim, dünya bilsin ki, Prezident Putinlə bizim aramızda əsl dostluq var. O, xoşuma gəlir, mən ona inanıram, söhbətlərimiz yaxşı keçir”. Onun fikrincə, Rusiya ilə ABŞ arasında qarşılıqlı anlaşmanı və razılığı dünyanın görməsi vacibdir, çünki “iki böyük ölkə yola getdikdə və dostluq etdikdə, bu, planetin təlatümlü rayonlarında əmin-amanlıq yaradılmasına kömək edə bilər”.